Ana içeriğe atla

"İnsanlıq axtarışında" layihəsinin qonağı Aysel Abdullazadə

"İnsanlıq axtarışında" layihəsinin qonağı Aysel Abdullazadə...

Adınız, soyadınız, doğum tarixiniz. Peşəniz, ixtisasınız və ya fəaliyyətiniz. Valideynləriniz barədə qısaca məlumat.
- Abdullazadə Aysel - 06.05.1990
Filoloq-Yazar, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, "Günəşin Düşmədiyi Odalar" kitabının müəllifi.

Atam Abdullayev Nizami orta məktəbdə riyaziyyat fənnini tədris edir. Əməkdar müəllimdir.
Anam Abbasova Sürəyya tarix müəllimidir. Hazırda təqaüdçüdür.
Bacım Feyzizadə Aytac ali təhsillidir. Dövlət qulluqçusudur.
Qardaşım Abdullazadə Ayxan orta məktəbin V sinif şagirdidir.

01. Həyatda hər kəsin bir missiyası vardır. Sizcə sizin misiyanız nədir?
- Mənə görə, ümumiyyətlə, insanlar dünyaya müəyyən missiyalar üçün gəlib. Mən toplumsal sorunların insanların missiyası sayəsində çözülə biləcəyinə inanıram. Məsələn, şəxsim adına deyə bilərəm ki, mənim həyatdakı missiyam insanları maariflənməyə səsləmək, onlara bu yolda dəstək olmaqdır. Cahillikdən arınmış bir toplumda yaşamaq arzusu ilə bu missiyamı gücüm çatan qədər həyata keçirirəm.

02. Mentalitet qanunları ilə yaşamağı qəbul edirsinizmi və sizcə bu nə dərəcədə doğru və nə dərəcədə yanlışdır?
- Xeyr, qəbul etmirəm. Mentalitet deyilən qavram mənim üçün əhəmiyyət kəsb etməyən, insanları kütləşdirmək üçün uydurulmuş bir şeydir. Dünya üzərində cəmiyyət üçün qəbul olunmuş qanunlar var. Bu, inkaredilməzdir və kənara çıxıldığı zaman cəmiyyətin quralları pozulur. Amma bir toplumu "mental dəyərlər" adı altında birləşdirib sürü psixologiyası yaratmaq dünyanın qanunu sayıla bilməz. Mənim doğrularım şəxsəyönəlikdir. İnsan azad doğulur. Nə üçün azad fikirləri ilə yaşamasın ki?! Hürr doğulub, hürr yaşamaq doğal haqqımızdır. Mentalitet "qanunları" ilə yaşamı yönləndirmək, qısıtlamaq sadəcə cahillikdir.

03. Bu günki dünya siyası qanunlarla idarə edilir və hər şey göz qabağınadır. Əgər dünya dini qaydalarla idarə edilsəydi daha fərqli bir nəticə olardımı? Siyasi və dini idealogiyanızı bilmək istərdik. Hər iki idealogiya barədə təklifləriniz və iradlarınız varmı?
- Hər iki idealogiyadan uzağam. Öncəliklə qeyd edim ki, dünya dinlə idarə oluna bilməz. Din insan üçün daxildə, özəldə yaşanılan bir inancdır. Bunu dünya üzərinə çıxarmaq, böyük çevrədə "yaşamaq" artıq nələr üçünsə istifadədir və təbiilikdən uzaqdır. Mən hər mövzuda dini ortaya atan, onun özəlliklərindən danışan adamın səmimiliyinə inanmıram. Bu gün din insanlar üçün bir inanc olmaq çıxıb, daha çox sui-istifadə edilən bir alətə çevrilib. Siyasətçi də, alim də, həkim də, müğənni də dindən danışır, ona "sığınır". Bu, istifadə deyilmi? Din və siyasət insanları birləşdirən, eyni zamanda ayıran idealogiyadır. Bu üzdən bu iki nəsnənin dünya üçün birmənalı önəm daşımadığı qənaətindəyəm.

04. Daxilinizdə yaratdığınız ideal obraz kimdir və nələrə qadirdir?
- İdealım özüməm. Həmişə özüm olmuşam. Səhvimlə, düzümlə özümü yaşamışam və yaşayıram. Daxilimdəki ideal Mən hər şeyə qadirdir. Yıxılanda yenidən qalxmağı da bacarır, öz ayaqları üzərində durmağı da. Elə bütün yazdıqlarımdakı obrazların həyatdakı prototipi də bu səbəbdən özüməm.

05. Kitab oxumağı sevirsinizmi və hansı bədii əsərləri oxumusunuz?
- Kitablara aşiqəm. Mənəvi aclığımı kitablarla doyuyuram. Bədii əsərləri sevirəm. Oxuyarkən əsərdəki hər hansı obraza çevrilirəm, onu yaşayıram. İndiyə qədər çox əsərlər oxumuşam.

06. Sizcə qadının ən gözəl hissi hansıdır?
- Ana olmaq... Qadını qadın edən məhz bu hissdir. Analıq qadının ən uca zirvəyə çatdığı andır. Bu hissi yaşamaq izaholunmazdır. Qadın ana olduğu zaman güclüdür!

07. Etdiyinizə görə vicdan əzabı çəkib unuda bilmədiyiniz səhviniz və ya günahınız?
- Olub. Səhvlərim var. Amma bu səhvlər həm də bir məktəbdir. Məni böyüdüb, həyatı öyrədib, insanları tanımağıma kömək edib bu doğru bilib etdiyim səhvlər...

08. İnsanlarımı unutmaq daha asandır, yoxsa, hadisələri?
- Hadisələri yaradan da elə insanlardır. Həyatda elə şeylər var ki, unudulmur. Beynin bir küncünə küt bir bıçaqla qazınmış kimi olur. Həyatda unuda bilmədiyim bir şey var. Birinin mənə etdiyi pislik... Unudulacağını da zənn etmirəm. Sadəcə əhəmiyyət vermək lazım deyil. Xoş gün yaşamaq zərbə vuran insana ən böyük acıdır. Bu gün mən xoş gün yaşayıramsa, bu, olanlar unudulmasa da, geridə qalmalıdır. Pislik bumeranqdır! İnsanları da, hadisələri də unutmayın, sadəcə həyatınızdan silin, silin ki, çirki həyatınıza bulaşmasın.

09. Cəmiyyətmi insanı, yoxsa insanmı cəmiyyəti formalaşdırar və bu geniş mövzuda qısaca olaraq əsas hansı xüsusiyyətlərə toxunmaq istərdiniz?
- Cəmiyyət və insan vəhdətdir. Biri olmadan digəri mövcud deyil. Hər ikisi birləşimdir və ikilikdə var olur. İansanlar cəmiyyəti ehtiva edir, cəmiyyət isə insanların formalaşmasında müəyyən rol oynayır. Var olan cəmiyyətin içində insan formalaşır, mühit yaranır və bu mühitdə "yonulan" insan toplum üçün əhəmiyyətli fərd kimi yetişir.

10. Çox varlı biri olsaydınız pulunuzu nələrə xərcləyərdiniz?
- Səyahətə və kimsəsiz körpələrə xərcləyərdim.
Səyahəti çox sevirəm. Ölkələri gəzmək mənə mal-mülk toplamaqdan daha zövqvericidir. Balaca, kimsəsi olmayan uşaqlara isə xüsusi kövrəkliyim var. Uşaqlara rəğbətim ana olandan sonra daha da artıb. Onların əziyyət çəkməyini, göz yaşında boğulmaqlarını qəbul edə bilmirəm. Əgər çox pulum olsaydı, belə uşaqları sevindirmək, yaşamlarını təmin etmək üçün hər şey edərdim.

11. Yanlışlarınızı bilə-bilə etmisinizmi, yoxsa, həyatmı məcbur edib sizi və ya tam əksinə, hər şey bilmədən, hiss etmədən yaşanıb sadəcə?
- Bilərəkdən etdiyim səhvim olmayıb. Səhv olduğunu anlamamışam, nəticədə bilmişəm ki, bu addım və ya qərar doğru olmayıb və yanılmışam. Amma səhvlərdən qorxmamışam. Qəbullanmağı bacara bilmişəm və yenidən "qalxmışam". Bu hallarda həmişə ailəmin və xüsusilə bacımın dəstəyini görmüşəm.

12. Bu günə qədər yaşadığınız həyatı, yaşadığınız mühittə, yaşadığınızdan daha da yaxşı yaşamaq olardımı, bunun üçün nə kimi imkanlar və şanslar var idi?
- Olardı. Amma mən qismətə də inanclı biriyəm. Məncə, qismət necədirsə, onu da yaşayırsan. Daha yaxşıları sənə sunulur, lakin o qismət ki var, mütləq səni tapır və nəticədə var olanı yaşamağa məhkum olursan. Bu gün mən başqa yerdə, başqa şəraitdə, tam dəyişik və indikindən çox uzaq bir yaşamda ola bilərdim. Amma qismətim bu günkü yaşamımdır.

13. İnsanı ailə tərbiyə edər, lakin, düşdüyü mühit formalaşmasına birbaşa təsir göstərər və zaman-zaman insan yaxşı və pis mühitlərdə olmaq məcburiyyətində qalar. Bilmək istərdik, hansı mühitlərin təsiri altında qalmısınız və bu məcburiyyətin sizə pis və ya yaxşı ölçüdə nə kimi təsiri olmuşdur, bu yolda kimlərlə və nələrlə mübarizə aparmısınız?
- Məncə, insanı mühit tərbiyələndirir. İnsan düşdüyü mühitin içində formalaşır və o mühitin "əsəri" olur. Ailə tərbiyəsi insanın necə biri olmasında rol oynayır, amma əsası mühitdir. Bəzən görürük, ziyalı bir ailənin övladı narkotika aludəçisidir. Bunu ailəmi formalaşdırıb? Xeyr! O, mühitin yetişdirdiyi insandır. Bəzən də əksinə olur. İçki aludəçisi, söyüşcül, toplum üçün təhlükəli və zərərli bir atanın savadlı, mədəni, alicənab bir oğlu və ya qızı yetişir. Bunları cəmiyyətə verən mühitdir.
Bir də iradə məsələsi var. Hansı mühitə düşsə də, o mühitin təsirinə məruz qalmaq insan iradəsindən asılıdır. Məsələn, siqaret çəkməyən uşaqlar əsgərlikdə düşdüklərin mühitin təsirindən bu vərdişə qapılırlar. Amma hamısı yox. İradəsizlik mühitin təsirinə düşməyə çox kömək edir.
Mən müəyyən mühitlərdə olmuşam. Amma təsirə düşməmişəm. Mübarizəm isə iradəm olub.  Ümumiyyətlə, insanlarla çox ünsiyyətdə olduğumdan hər cür adamla rastlaşmışam. Bir müsahibim vardı, gənc xanım idi. Bir qız övladı vardı. Fahişəliyi özünə sənət olaraq seçmişdi, buna öz işi kimi baxırdı. Hətta "iş saatları" da bəlli bir çərçivədə idi. Ona sual verəndə mühiti günahlandırdı. Bu "sənət"ə gəlməyində mühitin birbaşa rolu olduğunu deyirdi. İradə bu üzdən çox əhəmiyyət daşıyır.

14. Sizcə insan öz taleyini özümü yazar, yoxsa, hər şey öncədən yazılmış ssenaridir?
- Məncə, insan taleyi öncədən yazılmış ssenaridir, insanlar o ssenaridə rol alır və üzərinə düşəni oynayır. Öz taleyini özü yaza biləcək insan yoxdur. Onda hamı bəxtəvər olardı. Yazılmış yaşanacaqlar var.

15. Bəs qismət varmı və bu anlayışı necə başa düşürsünüz?
- Var. Yuxarıda qeyd etmişdim ki, qismət deyilən nəsnəyə inanclıyam. Qismətimiz yaşadıqlarımızdır.

16. Məsləhət almağamı üstünlük verərsiniz, yoxsa, elə öz bildiyiniz sizin üçün ən doğrusudur?
- Yaxşı dinləyiciyəm. Məsləhət alıram, dinləyirəm, amma sonda qərar məqamı ürəyimin səsinə qulaq asıram. Öz doğrularımı yaşamağı sevən insanam. Səhvə belə gətirib çıxarsa, öz qərarım olduğu üçün suçlayacaq kimsə olmur və bu, məni ağrıtmır.

17. Çətinliklərmi gəlib sizi tapar, yoxsa, sizmi çətin olanı seçərsiniz?
- Deyəsən, mən çətin olanı seçirəm. Heç vaxt işim asan olmur. Asan sözü mənə çox yaddır. Həmişə işim daşdan çıxır. Amma nəticəsi sevindirici olur. Bəzən düşünürəm ki, ürəyimin dərinliyində çətinliyə bir sevgim var. Sanki çətinliyi, zor olan şeyi sevirəm, bəlkə də buna görə bu çətinliklər məndən uzaqlaşmır.

18. Həyatda, qərar verməkdə çox çətinlik çəkdiyiniz, iki insan və ya iki seçim arasında qaldığınız anlar olubmu heç? Mümkünsə xatırldığınız anılar varsa paylaşardınız.
- İki seçim qarşısında qaldığım məqamlar olub. İşlə bağlı təkliflərdə,  bəzən də həyati məqamlarla bağlı. Bəzən qərarlarım məni yanıltmayıb, bəzən isə seçimlərim yanlış olub. Belə anılarım var. Sadəcə xatırlamaq üzücüdür. Keçib, keçmişdə qalıb. Səhvlərin ayağı yoxdur, qoyduğun yerdə qalmağa məhkumdur.

19. Sizə görə qarşı cinsin nümayəndəsi necə olmalıdır və hansı xüsusiyyətlərə sahib olsa diqqətinizi cəlb edib sizin maraq dairənizə çevrilə bilər?
- Kişi mənim üçün Azərbaycan türkcəsinin birbaşa anlamında kişi olmalıdır. Səmimi və yalansız adama tez isinişirəm. Yalan kimi nifrət etdiyim ikinci bir xüsusiyyət yoxdur. Bu, əsasən də kişi dilində olarsa, qəbuledilməzdir. Bir də intellektual olması, kitabları sevməsi önəmlidir. Kişini kişi qılan onun sözübütövlüyü və doğrularıdır.

20. Sevgi rəngarəng hissdir və siz onun ən çox hansı rəngini sevirsiniz?
- Sevgi ya siyahdır, ya bəyaz... Ya vardır, ya yoxdur. Birinə hiss edilən ya sevgidir, ya heç nə. Ortası yoxdur sevginin...

21. Əslində kim olmaq və hansı həyatı yaşamaq istərdiniz?
- Elə bu günkü mən olmaqdan məmnunam. Yenə Aysel Abdullazadə olmaq istərdim. Dəyişmək əldə olsa, həyatımda dəyişiklik edərdim.

22. Əlbətdə, həddi aşmaq və insanlıq çərçivəsindən qırağa çıxmaq halları istisna olmaqla, sizə qarşı səhv etmiş birinə rəhimlimisiniz və bağışlamağı bacarırsınızmı?
- Rəhm hissi vicdanla və duyğusallıqla əlaqəlidir. Hədsiz duyğusal insan olduğum üçün bağışlamağı da bacarıram. Bağışlamaq həm də şans verməkdir. Peşmanlığını gerçəkdən hiss etdiyim insanı bağışlayaram. Amma sadəcə bir dəfə. Birini ikinci dəfə bağışlamaq axmaqlıqdır. Qadınlar isə ürəklərinə yazdıqları adamı yalnız bir dəfə bağışlayar.

23. Vəziyyətdən aslı olaraq qərarları ani şəkildə verərsiniz, yoxsa, düşünüb, araşdırıb daha ədalətlə nəticə çıxarmağa çalışarsınız?
- Duruma görə dəyişir. Ani qərarlarım da olub. Araşdırıb, düşünüb qəbul etdiyim qərarlar da olub. Səhv və doğruluq payı hər iki situasiyada qaçınılmazdır. Çalışmaq lazımdır ki, hər şeyi gözdən keçirib doğruluğuna inandığımız qərarı qəbuk edək.

24. Hansı ölkədə yaşamaq istərdiniz və səbəbi?
- Mutlu olduğum istənilən yerdə yaşayaram. Rusiyada Moskva şəhərində yaşayıram, Bakıya bir aydır gəlmişəm.Ən çox yaşamaq istədiyim ölkə Türkiyədir. Hazırda araşdırıram, iş və lazımı yaşam formasını təmin edib, qızımla Ankara şəhərinə köçəcəyəm. Mutluluq olan bütün şəhərlər gözəldir.

25. Sizcə uğur qazanmağın yolu nədir və nə etsək gələcəyimiz daha gözəl və parlaq olar?
- Təhsil! Uğura gedən yol təhsildən keçir. Oxumaq, bilgi sahibi olmaq istənilən iş üçün uğur qazanmağın qızıl açarıdır. Gələcək və parlaq toplum üçün təhsil almalı, gəncləri buna yönləndirməliyik.

26. Hansı xarakterlərdə olan insanlardan çəkinər, məsafə saxlar və ya ümumiyyətlə ünsiyyətdən qaçarsınız?
- Qapalı insanlardan qorxuram. Çünki içində nə olduğunu göstərmir. Hər an gözlənilməyən yerdə zərbə endirə bilər. Deyib-gülən, şən, istiqanlı insanları sevirəm. Özü kimi olan adamlardan ziyan gəlməz. Nə varsa, nə görürsənsə, odur. Qapalı insan isə divardır, gerisini görməzsən. Belə adamlarla həmişə məsafəli oluram.

27. Özünüzü kənardan izləsəniz necə qiymət verərsiz? Sizcə yaxşı insansınızı?
- Bunu daha çox insanın ətrafındakılar deyə bilər. Kənardan qiymət vermək daha obyektivdir. Kim özünə pis deyər ki? Amma, məncə, elə də pis adam deyiləm. (Gülür)

28. Həyat elə qəribədir ki, bəzən ən yaxın dostumuz düşmənə çevrilər, bəzən də düşmənimiz ən yaxın dostumuz olar. Bizmi yalnış qiymət verərik insanlara, səhv seçimlərmi edərik, yoxsa inandığımızdanmı aldanarıq və ya kimlərsə bizə pislik etmək üçün obraza girər və bəlkə də biz özümüzü yalnış tanıdarıq ətrafımıza? Belə hallar yaşamısınızmı və ya başqalarının həyatından təsirlənib düşünmüsünüzmü bu barədə?
- Bəli. Belə halla çox rastlaşmışam. İnsanları tanımaq önəmlidir. Mən insan sərrafı deyiləm. Tez inananam. Bu üzdən yanılqılarım olub. Obraza girən insanlar da görmüşəm, maskaları düşəndə kimlikləri bəlli olanlar da. Düşmən deməzdim, hər insanı düşmən də saymaq olmaz. Nəticədə ona da düşmən deməklə bir status vermiş oluruq. Bu statusu da hər adama versək, onu dəyərləndirmiş olarıq. Ona görə də belə insanları sadəcə əhəmiyyətsiz hesab etmək lazımdır. Sonuçda mənim düşmən dediyim adam da mənə düşmən kəsilə biləcək layiqlikdə olmalıdır. Bizim üçün heç kim olan insanlar var. Gözümüzdən ən dibə düşüb orada çabalayan və daima orda qalacaq olanlar... Belələrinin mövcudluğu yoxa bərabərdir.

29. İçinizdəki ağrıları, acıları yaxınlarla paylaşaraq daha rahatlıq taparsınız, yoxsa, tamam yad olan insanlarla?
- Mən yad insanlarla danışmağı sevirəm. "Günəşin Düşmədiyi Odalar" kitabımda belə bir esse də yer alıb - "Tanımadığım biri ilə söhbət".
Sadəcə ilk dəfə gördüyüm bir adamla söhbət etmək məni rahatladır, nəinki tanıdığım dostum, doğmamla. Belə həmsöhbətim çox olub. Sonra həmin adamları bir də görməmişəm. Heç adını belə bilmədən, tanımadan sadəcə dərdləşmişik. Bu terapiya kimidir. Çox rahatladıcıdır. Səni tanımır, önyarğılarını önünə sərmir, ittiham etmir, sadəcə dinləyir və sağollaşır.

30. Bu günki cəmiyyətin yaşayış tərzində, idelogiyasında sizi narahat edən xüsusiyyətlər hansılardır və nə kimi çıxış yolları irəli sürə bilərsiniz?
- Toplumda məni narahat edən və düşündürən əsas problemlər - erkən nigahlar, azadlıq anlayışının doğru anlaşılmaması və təhsilsizliyin sürüklədiyi cahillikdir.
Hər üç problemin kökündə yenə təhsil dayanır. Həll yolu bilgidən, savaddan keçir. Erkən evliliklərin qarşısının alınması qızların oxudulması ilə mümkündür. Bu problem yoxdur deməyin. Bu gün rayonlarda XXI sinfi bitirən kimi qızını ərə verən yüzlərlə ailələr var. Bəzən məktəbi bitirməyini də gözləmirlər. Bu, cəmiyyət üçün böyük problemdir.
Azadlıq deyəndə bu günkü gənclər içki, siqaret vərdişlərinin aşkarda olmasına, gecə klublarında əylənməyin qısıtlanmamasını düşünürlər.

Söhbətləşdi: Şahin Sahibzadə
Layihə rəhbəri: Şahin Sahibzadə



Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar