Tavandan asdı bir divar özünü,
boz kəndirdən sallandı ayaqları.
Bir qədəh daşdan döşəmənin
ahına yaxalandı...
Və küt bir bıçağın səsi ağlatdı
intihar hissini...
Dodaqlarda öldü göz yaşları
yanaqlardan süzülərkən.
Ruhlar tərk etdi bədəni
isti cismi buza dönərkən...
Arzular gözlərinin dərinliyində itdi.
Qağayılar mavi sulara küsdü.
Baharda qönçələr açmadı.
Və o gün sevgi
məzarlara baş daşı oldu...
Səssizliyi duyuldu bütün mahnıların,
siyah-bəyaz oldu filmlər.
Vətən -deyə qışqırmadı
o gündən sonra əsgərlər...
Qolları, qucaqlamaq üçün tanımadı adamlar,
qaranlıq gecədən sonra günəşin doğuşu ümid gətirmədi,
Vicdanı oyanmadı bir daha
ürəyinin pıçıltılı səsi ilə...
Müəllif: Aysel Abdullazadə
Yorumlar
Yorum Gönder