Ana içeriğe atla

"...Həyatımın acı təməli - atam"


P.S: Real yaşanmış həyat hekayəsi...

Yaşam və yaşanmışlıqlar insanı formalaşdıran ən önəmli faktordur. Hər insanın yaşadıqları, onun necə biri olmasında mühüm rol oynayır. Mən də sizlərlə yaşadığım həyatımı paylaşıram. Ta ki, bu günümə qədər olan həyatımı…

Adım Nəzrindir. 1987 doğumluyam. Azərbaycanın bir bölgəsində doğulub böyümüşəm. Ziyalı ailədə dünyaya göz açmışam. Anam müəllimə, atam isə ali təhsilli olsa da, ixtisası üzrə işləməyən biri idi. Atam haqqında uzun danışacam. Yuxarıda dediyim kimi, bugünki həyatım, atamın mənə sunduğu yaşamdır.

Təəssüf ki, insan dünyaya gələndə yaşamını özü bəlirləyə bilmir.

...Atamla anam qohumdurlar. Mən doğulanda atam yanımızda olmayıb, Rusiyada yaşayırmış. Amma arada gəlib-gedirmiş. Anama qazancından heç vaxt heç nə verməyib, özü üçün həyatını yaşayan biri idi atam… Düşündüyü təkcə özü idi. Buna baxmayaraq, anam mənə görə atama hər şeyi keçib, həyata bu şəkildə davam edib. Anam məni təkbaşına, öz zəhməti ilə böyüdüb. Mən özümü bildim-biləli biz anamla bir otaqlı bina evində yaşayırdıq. Atam arada gələr, heç nəyimizlə maraqlanmadan gedərdi.

Yadıma gəlir ki, mənim 8yaşım vardı, atam gəlmişdi, həmişəki kimi geri qayıtdı və o getdikdən sonra rayonumuzda qaz kəsildi, 1994-95-ci illər idi, qaz olmadığına görə məcbur babamgilə köçməli olduq…

Və o zaman anam özü də bilmədən qardaşıma hamilə olduğunu öyrəndi. Babam-anamın atası, gördü ki, atamdan bizə haray yoxdur, bizim üçün ev tikməyə qərar verdi.

Atamın etdiyi hərəkətlərə, bizi birbaşımıza belə buraxdığına görə babam xəcalətli idi və bu səbəbdən mənə qarşı soyuq idi. Həmişə dayım uşaqları nəsə etsə, məni döysələr belə, babam, yenə günahı məndə görərdi, məni acılayardı. Artıq, o körpə ürəyimdə atama və eləcə də, onun ucbatından bizi xor görənlərə nifrət yaranırdı. Bu minvalla qardaşım doğuldu.

Anam həm işə, həm də evimizin tikilməyinə görə ora-bura qaçdığından qardaşımı mən saxlayırdım, mən böyüdürdüm. Yay idi, artıq, evimizi tələsik düzəldib köçdük. Çünki babamgildə qaldıqca dayımın uşaqları bizi daha çox incidirdilər, atamıza görə bizə başqa münasibətdə idilər.

Dənizə çimməyə gedirdik, suda ayağımı dartıb məni öldürmək istəyirdilər. Qardaşım beşikdə ağlayanda onu boğmağa çalışırdılar. Anam buna görə evimizə köçməyə tələsirdi. Qışda qardaşım artıq 8 aylıq idi, atam gəlmişdi, yenə dava-dalaş, laqeydlik və çıxıb getdi. Bundan sonra atamın 8 il nə öldüsünü, nə qaldısını bildik. Əmilərim və bibilərimə də o qədər ziyanlar vermişdi ki, onlar da bizdən uzaqlaşdılar. Onlar hamısı imkanlı, vəzifəli idilər, atama görə utanırdılar.

Üçümüz illəri ötürürdük - anam, mən və qardaşım… Anam işə gecikməsin deyə qardaşımı tezdən bağçaya aparırdım, ordan da özüm məktəbə gedirdim. Ata nənə-babam bizimlə heç maraqlanmırdılar. Atama görə bizimlə düşmən kəsilmişdilər. Atam hamı ilə münasibətini korlamışdı, şizofren xəstəliyinə tutulmuş kimi bir insan idi. Hami ilə dalaşır, problem yaradırdı. Bizə arxa-dayaq olan təkcə böyük dayım idi. Dayım gömrükdə inspektor vəzifəsində çalışırdı. Bizi yemək-içmək və pulla tam təmin edirdi. Onun varlığında çox əziyyət çəkmədik. Dayımın uşaqları
mənə ağzına gələni desə də, anam dayım üçün üstündən keçməyimi - cavab qaytarmamağımı söyləyirdi. Amma dayımın qayğısını da həyat bizə çox gördü. Dayım Bakıda-evində qazdan boğularaq rəhmətə getdi. Anam dayıma çox bağlı idi, onun ölümü anamı çox geri saldı, ürəyində genişlənmə yarandı…

Mən, artıq, 10-cu sinifdə oxuyurdum. Dedilər, atan rayona gəlib. Çünki nənəm can verirdi. Ölüm ayağında bizdən halalıq istəyirmiş. Anam çox qırılmışdı, getməyəcəyini dedi. 8 il sonra əmilərimlə atam məni gəlib nənəmin yanına apardılar. Nənəm
son dəfə mənə baxıb: "halal edin” dedi. Üzünə baxdım, gözümdən yaş axdı, amma bizi qapısından qovmağı, alçaltmağı, bir nənə kimi bir dəfə başımıza sığal çəkmədiyi gözümün önünə gəldi, halallıq vermədim və əbədi gözlərini yumdu…

Beləliklə, nənəmin 40-ı çıxana qədər atam qaldı. Mən də dərslərimə hazırlaşır, daha yaxşı nəticələr göstərirdim. Rus bölməsində oxuyurdum, əlaçı idim. Olimpiadalarda yüksək yer tuturdum. Şeirlər yazır, rayon qəzetində məqalələrim çap olunurdu. Məktəbi də ilin ən yaxşı şagirdi fəxri diplomu ilə bitirdim. İlk öncə hüquqşünas olmaq arzusunda idim, dayım icazə verməmişdi ki, haqqla işləsən, yox olacaqsan. Necə ki, dayımın qazdan boğulmasının ölümünə səbəb olması, adi bir hadisə kimi göstərilməsi bunun canlı sübutu idi. Sonra həkim olmağa həvəsləndim. Anam isə tək qız olduğum üçün məni uzaqlara buraxa bilməyəcəyini deyib, bu həvəsimdən döndərdi. İstəmədən
də olsa, sənədlərimi müəllimlik ixtisasına verdim. Rayonumuza yaxın bir bölgənin universitetini yazdım və elə, oraya da qəbul olundum. Riyaziyyat-informatika ixtisası üzrə təhsil alacaqdım. Anamın sevincinin həddi-hüdudu yox idi. Atam isə haqqı olmadığı halda, mənim həkim olmağımı istəmişdi, eşidəndə buna çox əsəbiləşdi.

Atam, o dərəcədə əsəbi insan idi ki, hamı onu dəli kimi tanıyırdı. Və onun qızı olduğum üçün utanırdım. Məni harda görsə, pərt edir, qardaşımı yaşıdlarının yanında alçaldırdı. Nifrət edirdik ona…

Mən artıq tələbə idim. Qrupda 22 nəfər tələbə idik. Hərəsi bir rayondan gəlmişdi. O qədər utancaq idim ki, heç kimlə işim olmazdı. Hamı gözlərimin gözəl və mənalı olduğunu deyərdi. 17 yaşım vardı, həyatımda heç vaxt sevgi haqqında düşünməmişdim. İçinə qapanıq bir qız idim, daima dərslərimi fikirləşirdim. Bir gün dedilər ki, narkotika ilə mübarizəyə qarşı tələbələr arasında diskussiya olacaq. Hər qrupdan bir nəfər seçilirdi. Bizim qrupdan mən getməli oldum.

Söhbətlər aparıldı, telefon və saatımı götürməyi unutmuşdum. Saatı bilmək istəyirdim, arxaya dönüb coğrafiya ixtisasından bir oğlandan saatı soruşdum, bu da utancaq bir oğlan idi. Saatı soruşmaqda məqsədimin onunla tanışlıq olduğunu düşünüb. Məni acılayaraq: "bilmirəm, saatım işləmir”- dedi. Bu cavaba çox əsəbiləşdim, "adam kimi cavab verə bilərdin” deyib, önə doğru çevrildim. Hər şey o gün başlamışdı, nifrətdən sevgiyə bir addım…

*****

...Bu, iclasdakı hadisədən sonra o oğlandan zəhləm getdi. Onun bu davranışı məni təəccübləndirmişdi, çünki mən səmimi olaraq ondan saatı soruşmuşdum. Eyni yaşda idik onunla… Üzdən uşaq kimi görünürdü, yaraşıqlı idi. Qruplarla birləşəndə bütün qızların diqqəti onda olurdu.

Universitet yaxın bölgədə olduğundan evimizdən gedib gəlirdim. Anam üçün çox darıxardım. Qış olanda gedib-gəlməyim çətinləşdi. Kiraye ev tutmalı olduq. Bir gün "saatı soruşduğum” oğlanın da mənim kirayə qaldığım binada yaşadığını öyrəndim.

Elə olurdu ki, hər gün eyni vaxtda binadan çıxır və dərsə gedəndə rastlaşırdıq. Birləşdiyimiz dərslərdə, artıq, bu oğlan mənə daha çox diqqət edirdi. Dərs zamanı mənə baxdığını görürdüm.
Bir gün evə gedən zaman binanın qarşısında önümə keçdi və nəsə demək istəyəndə mən tez binaya daxil oldum. Sonralar hər gün üzümə baxır, dəhlizdə daim məni izləyirdi.

İçimdə uşaqlıqdan bəri atamın etdiklərinə görə qəribə bir hiss yaranmışdı, kişilərə nifrət edirdim. Güvənə bilmirdim. Atamın anama yaşatdıqlarını unuda bilmirdim.

Atam heç vaxt bizimlə olmadı, gəldiyi qısa müddətləri isə dostları ilə əyləncə məclislərində keçirir, evə içkili gəlirdi. Yazıq anam evdə bütün kəsici alətləri gizlədərdi. Xatırlayıram, bir gün yenə içmişdi atam, evə əlləri doğranmış halda gəldi, qan barmaqlarından axırdı. Anama əsəbləşib qışqırmağa başladı, sonra da o halda qapını çırpıb getdi. Qış idi, çoxlu qar yağmışdı. Mənim dörd yaşım vardı, anamla qarda qan izləri ilə gedib atamı dostunun evində tapdıq. İçkili olub restoranın şüşələrini sındırıbmış. Həbs olunmamağı üçün babam əlindən gələni etdi və atam tutulmadı. Anamın atası bizə görə onun türməyə getməsinə razı olmadı. Babam rayonda sayılıb-seçilən vəzifəli şəxslərdən idi.

Bir gün dərs zamanı dəftərimi açanda içində məktub olduğunu gördüm. Açıb oxudum və bunu yazan həmin oğlanın gözləri qarşısında cırıb yerə atdım. Artıq, ev telefonuna zəng gəlirdi, Ruslan olduğunu dedi. Dərs zamanı adını çox eşitmişdim - Əliyev Ruslan… Nəsə deməyə davam edirdi ki, dəstəyi asdım. Bir müddət zaman keçdi, demək olar ki, hər gün Ruslanı görürdüm. Qəribə nəzərlərlə mənə baxır, diqqətindən yayınmırdım. Bir gün hiss etdim ki, nəsə qəribə şeylər yaranır məndə. Heç bir oğlan diqqətimi çəkmədiyi halda, artıq Ruslanı görməyə, baxışlarını hiss etməyə alışmışdım. Bir az da yumşalmışdım, əvvəlki kimi hırçın, əsəbi deyildim. Birləşdiyimiz dərslərdə məndən sonrakı partada otururdu. Mənim uzun saçlarım vardı, bəzən bilmədən də olsa, saçlarım onun partasına tökülürdü, bunu sevdiyini hiss edirdim.

Bir gün mən oturduğum partaya nömrəsini və bu cümləni yazmışdı: "xahiş edirəm, mənə cavab ver, əgər nifrət edirsənsə bildir, əbədi olaraq sənin qarşına çıxmaram”…

O gün nömrəni götürdüm, amma günlərlə zəng etmədim. Bir müddət sonra qısa bir mesaj yazdım, adımı söyləmədən tanışlıq təklif etdim, o isə cavabında: "sevdiyim var, məni narahat etməyin” - deyib kobud bir mesaj göndərmişdi. Səhəri gün ona Nəzrin olduğumu yazdım. Beləliklə, mesajlaşmağa başlamışdıq. Amma universitetdə bunu heç kim bilmirdi. Mən istəmədiyimi demişdim, Ruslan da mənim fikrimə hörmətlə yanaşırdı. Sadəcə telefon əlaqəmiz vardı. Bu şəkildə 1-ci kursu bitirdik. Ruslanın ailəsi də haqqımızda bilirdi.

Bir bacısı vardı, evil idi. Ruslan valideynləri ilə yaşayırdı. Atası müəllim idi. Sadə bir ailəsi vardı. Bizim haqqımızda Ruslan deyəndə etiraz etməmişdilər, "universiteti bitirin, düşünərik" -demişdilər.

Artıq, 3-cü kursda oxuyurduq. Bizim evdə söz-söhbətlər başlamışdı, atam gəlmişdi. Anam məni öz bacısının oğluna, atam isə öz bacısının oğluna vermək istəyirdi. Xalam oğlu yaxşı insan idi, məndən 14 yaş böyük idi, Antalyada yaşayır, ürək-damar cərrahı kimi çalışırdı. Bibim oğlu isə atası kimi hərbiçi idi, atası general idi, Azərbaycanın Amerikadakı rəsmi nümayəndəsi olmuşdu. Bibimin oğlu çox kobud, quru insan idi. Mənə öz malı kimi davranırdı, "mənim ailə qurduğum qadın ailəsini-valideynlərini unutmalıdır”- deyirdi. Bibim kimi… Babam rəhmətə gedəndə bibim hüzürə gəlmədi, çox soyuqqanlı qadın idi. Bilirdim ki, onunla evlənsəm anama həsrət qalacağam. Atama, buna razı olmadığımı deyəndə çox əsəbiləşdi.

Ruslana vəziyyəti izah etdim, o isə: "mənim hələ evlənən vaxtım deyil, universiteti bitirib əsgər gedəcəyəm, döndükdən sonra işləməyə başlayıb pul qazanacağam, evliliyi bundan sonra düşünürəm”- dedi. Ruslandan incidim, qəlbim qırıldı, mən həmən evlənməyimizi istəmirdim, sadəcə mənə arxa durmağını gözləyirdim.

Rayonda kim adımı çəksə, biriləri atama görə vaz keçirirdi, onun atası dəlidir deyirdilər. Atam qızının həyatına ləkə,
əngəl idi. Qonşuluqda salamımız olan bir ailə vardı. Qohumları olan bir oğlan onlara qonaq gələrdi. Əslən başqa bölgədən idi, bibisigilə-yəni, qonşumuza qonaq gəlirdi.

Universitetdə oxuyurdu. Deyilənə görə kasıb-sadə bir
ailəsi varmış. Özündən başqa da evli olan bir bacısı…
Bu oğlanın məndən xoşu gəlmiş, qonşu vasitəsilə mənə bildirmişdi. Atama görə çox utanırdım, Ruslan da məni yarıyolda qoymuşdu, dəstək olub bir yol göstərməmişdi. Anamla atam isə hərəsi bir tərəfə çəkirdi məni… Bu oğlana şans verməyi qərara aldım. Ruslanı unudub, atamı da həyatımdan çıxarıb başqa bir bölgədə həyatımı davam edəcəyimi düşündüm. Xoşbəxt olmaq istəyirdim, uzaqlarda xoşbəxtlik axtarırdım.

3-cü kursun son imtahan günü bu oğlanla - Nihatla qaçdım. Anamı məhv etsəm də, buna məcbur olduğumu düşünüb etdim.
Yasdığımın altına anama yazdığım məktubu qoyub, anamdan səkkiz rayona uzağa getdim. Nihatla bibisigilə getdik. İki gün orda qalandan sonra bibisi ilə birlikdə rayona-valideynlərinin
yanına gəldik. Anası məni istəmədi, geri qaytar dedi. Xalaları ədəbsiz suallar verdilər, bakirə olub-olmadığımı soruşdular. Uşaq kimi qorxmağa başladım, harda olduğum yuxu kimi gəldi mənə. Suallar qarşısında sanki ayıldım, peşiman olduğumu hiss etdim. Amma geriyə yolum yox idi.

Anam bunu biləndə mənim qaçdığımı heç kimə bildirmədi. Arxamca yanıma gəldi, Nihatın anasıgillə danışdı. Anamla geri qayıtmaq istədim, amma bu addımım, artıq, məni çərçivələmişdi. Halbuki, Nihat mənə toxunmamışdı, tərtəmiz idim. Barışıq oldu,
barışıq süfrəsinin adı elçilik kimi səsləndi. Üzük taxıldı, rayonda böyük toy məclisimiz oldu. Anam məni əziyyətlə böyütdüyü kimi, ən gözəl şəkildə də toyumu edib cehizlərimi verdi. On beş gün sonra oğlan toyu oldu və mənim bədbəxt taleyimin
başlanğıcı 20.07.2007 tarixində bəlirləndi…

*****

…Artıq son kursda idim. Ailədə sorunlar yaşamağa başladıq. Mənim oxumağımı problem edirdilər. Təzə evlənəndə yoldaşım mənə dayaq olurdu, qoruyurdu, heç kimin ayağına vermirdi. Anası mənə görə dillənəndə: "bəsdir, imkan ver, yaşayaq”- deyirdi. Sonralar bunun get-gedə itdiyini hiss edirdim. Oxumağımı istəmirdilər, anam gəldi yalvar-yapışla razı saldı.

Qızıllarını satıb məni universitetə yola salan anama yenə də dərd
vermiş olurdum. Qaynanamgil də hər şeyi anamın üstünə atmışdı, yoldaşıma belə pul vermirdilər ki, get Nəzrinin anası versin, oxutsun. 4-cü kursda praktikam oldu. Mən gedə bilmədim, anam nəyi var, nəyi yox satdı ki, praktikadan olan qiymətlərimi yazdırsın. Dərsə Nihatla getmişdim, Ruslana mənim ərə getdiyimi demişdilər, amma inanmamışdı. Məni görəndə çevrilib diqqətlə baxdı. Gözünü yayındıranda baxdım ki, gözündən yaş axır. O an, elə bil, ürəyimə bıçaq saplandı. Və beləcə, 15 gün dərsə gedir, 15 gün ər evinə qayıdır, pul hesabına birtəhər 4-cü kursu başa vurmağa tələsirdim.

Çünki oxumağım üçün bütün yükümü anam çəkirdi.
Bir gün dərsdə Ruslan üzümə baxırdı, yanında keçmək istəyəndə: "məni niyə atdın, sənin sevgin bu idi?” –dedi. Sanki başıma bir qaynar qazan su töküldü. Ona sadəcə bu sözləri dedim: "Sən məndən hesab soracaq ən son insansan. Son dəfə yalvardım sənə, nişan elə, illərlə gözləyim dedim. Sən isə cavabında məni yerdən-yerə vurdun. İndi get, pulun olanda evlənərsən!”

Fevral ayı idi. Qızıma hamilə olduğumu öyrəndim. Çox çətin hamiləlik keçirirdim. Dərslərdə güclə otururdum. Ruslan da siqaretə başlamışdı. Məni görəndə nifrətlə baxırdı. Bir dəfə kitabxanada Ruslanla çox yaxın olan qrup yoldaşı Anarı gördüm, mənə: "Ruslan səni çox sevirdi, amma tək oğul idi, başa düşməlisən, alınmırdı”-dedi. Mən isə bunun bəhanə olduğunu, indiki həyat yoldaşımın da evin tək oğlu olduğunu deyib uzaqlaşdım.

Yoldaşım əsgər getdi. Yanımda olanda, qaynanam mənə zülm etsə də, çox irəli gedə bilmirdi, Nihat cavabını verirdi. Artıq, Nihat gedəndən sonra qaynanamın da əli-qolu açılmışdı. Hər fürsətdə məni incidirdi. Nihat əsgər gedən gün nənəm rəhmətə getdi. Bir müddət sonra Nihatın əmisi rəhmətə getdi, hüzürə anam da gəlmişdi. Hamiləliyimi çətin keçirirdim, yoldaşım güc-bəla ilə anamın məni özü ilə aparmağına icazə verdi. Çünki Nihat bizim rayona yaxın bölgədə əsgərlikdə idi. Anam tez-tez yanına gedirdi. Dayılarım şənbə və bazar günləri Nihatı öz evlərinə aparır, istirahətini təmin edirdilər.

Oktyabr ayı idi. Sancım başlamışdı. Qaynanam rayonda adlı-sanlı həkimlərin olmağına baxmayaraq məni, neçə xəstənin şikayətçi olduğu bir həkimin yanına apardı. Gecə 04:00-da qızım dünyaya gəldi. Çox çətin doğum olmuşdu. Qanaxmam dayanmırdı. Bir müddət özümdə olmamışam, saatlar sonra ayılanda həkim "nəzir demişdim” deyərək sevinmişdi. Qızımın adını Fatimə qoydular. Anam da gəlmişdi. Yazıq anam, nəvəsi olduğu üçün sevinir, mənim üçün isə çox qorxmuşdu.

Qaynanam qarda yıxılmış, beli əzilmişdi. Bir müddət yataq rejimində olmalı idi. Qızım isə çox ağlağan uşaq idi. Dərdini bilmirdim, bütün gün ağlayırdı. Bir güclə həm qaynanama baxır. Həm də uşağı saxlayırdım. Fatimənin ağlamağı məni qorxudurdu. Baldızıma yalvardım ki, gəlib anası ilə qalsın, uşağı İrana həkimə aparım. Belə çox narahatam. Çox çətinliklə də olsa, razılaşdılar. Qızımı həkimə apardım. Ciddi bir sorunu çıxmadı, hamiləlikdə
əsəb və stressdən uşaqda əsəbilik var, dedilər. Geri qayıtdıq. Bu bir həftəni hər gün başıma vururdular ki, xəstə arvadı atıb getmisən.

Yayda yoldaşım əsgərlikdən gəldi. Nihatı sevməsəm də, ona
hörmət edirdim. Həmişə düşünürdüm ki, təhsillidir, ikimiz də çalışarıq, evi də var, normal yaşantımızı qurarıq. Amma heç də fikirləşdiyim kimi olmadı. Nihat gələndən bəri iş tapa bilmirdi. Tez-tez əsəbiləşirdi, siqaret çəkməyə aludə olmuşdu. Orda-burda keçəri işlər görürdü. Bir az sonra maşın alıb taksi sürücüsü kimi çalışmağa başladı. Ona, imtahan verib öz ixtisası üzrə işə düzəlməyini çox desəm də, məni eşitmirdi.

Bu minvalla həyatımız davam edirdi. Bir sürə sonrasında yenidən hamiləliyim bəlli oldu. Oğlum olacaqdı. Hamilə halımla nökər durumunda idim. Baldızımın övladı olmurdu, yoldaşı ilə dalaşıb gəlib aylarla bizdə qalırdı, onun qulluğunda dayanmağa məcbur idim. Oğlum bətnimdə yeddi aylıq olanda evimizə getmişdim. Zəng edib geri qayıtmağımı söylədilər. Evdə usta işləyirdi, baldızımla qaynanam evdə rahat əyləşir, televizor seyr edir, mən isə bu halımla taxta-şalban artıqlarını daşıyırdım. Bir axşam
yenicə oturmuşdum ki, küt bir sancı başladı. Həkimə getdik, açılış olduğunu söylədi. Lakin qarşısını aldı və yataqda uzanıqlı qalmağımı bildirdi. Amma mən bunu eləyə bilməzdim, evdə bütün işləri mən görməli idim.

Doğum zamanımda anam gəldi, burdakı həkimin yaxşı olmadığını, məni özü ilə aparıb, doğumu başqa həkimin gerçəkləşdirməyini istədi və buna nail oldu. Qızımdakı hadisələr təkraralandı, qanaxma, halsızlıq eynilə yenə baş verdi. Həkimlərin müdaxiləsi ilə uğurla başa çatdı. Oğlum dünyaya gəldi. 40-ım çıxana qədər anam baxacaqdı, amma on günün tamamında yoldaşımı məni aparmağı üçün bizə göndərdilər.

Baldızım yenə əri ilə dalaşıb bizə gəlmişdi, bütün gün əlində telefon otağında olurdu. Paltarlarına qədər mən yuyurdum. Bir sağ ol deməyi belə yox idi.

Məktəbə düzəlmək şansım vardı, iki min manat istəmişdilər daimi müəllimlik üçün. Qaynanam vermədi, anamın verməyini istədi. Sanki, aldığım maaşı aparıb anama verəcəkdim. Beləcə qaldı... Bir müddət sonra bir məktəbə əvəzedici müəllimə kimi çağırıldım. Çalışmağa başladım, yüz əlli manat maaş alırdım. Anam demişdi ki, maaşı alanda evdə stolun üstünə qoy. Mən də onu dinlədim, elə də etdim. Maaşımı qaynanamgilə verirdim, bir şeyim çatmayanda almaq istəyəndə isə dava salırdılar. Öz halal zəhmətimlə qazandığımı "it payı” kimi min bir söz-söhbətlə qabağıma atırdılar.

Bir gün işdə eşitdim ki, bir bıçaqlanma hadisəsi olub, sən demə, baldızımın əri adam bıçaqlayıbmış. Elə bu hadisə olan kimi baldızım boşanmağa qərar verdi, uşaq da yoxdur deyib, birdəfəlik köçüb gəldi ata evinə. Bu bədbəxt hadisə mənim dəhşətli günlərimin imzası imiş...

*****

…Mən məktəbə gedir, əvəzedici müəllimə kimi dərslərimi keçirdim. Qaynanam Şərafətlə baldızım Arzu uşaqlarıma baxırdılar. Bunu, gündə əlli dəfə başıma vurur, məni alçaldırdılar. Evə gələndə uşaqlarımı tanınmaz halda görürdüm, qaynanam öz işində olur, Arzu isə bütün gün telefonla oynayırdı, adı da mənim uşaqlarıma əziyyət çəkməkləri formasında səslənirdi. Maaşımı da alırdılar, qaynanam deyirdi ki, elə bil dayə tutmusan, ona da
haqqını verməli idin. Evi gecədən təmizləyir, səhər işə getməmişdən bütün ev işlərini görürüdüm, bununla belə, günorta evə qayıdanda səhərki təmizlikdən əsər-əlamət qalmırdı.

Baldızım-Arzunun gözəl "aktyorluq” bacarığı var idi. Hər gün evdə dava edirdi ki, mənə iş tapın, sizin nökəriniz deyiləm, evdən çıxıb işləmək istəyirəm. Halbuki, evdə çay içdiyi stəkanı belə yumaqdan uzaq idi. İxtisası müəllimə idi, buna idarədə iş tapdılar, 3-4 ay çalışandan sonra işdən çıxarıldı. Bir az da başqa işdə çalışdı, oradan da uzaqlaşdırdılar. Yay olduğundan anamgilə gəlirdim, bir az nəfəs almaq istəyirdim. Arzu boşanmamışdan əvvəl problemləri birtəhər qaynanamla ötüşdürürdüm, bu gələndən sonra anasını daha da mənə qarşı çevirməyə başladı. Məni qaynatamın gözündən salırdılar.

May ayında oğlum yuxudan oyananda istiliyi olduğunu hiss edirdim. Bunu qaynatam da təsdiqləyirdi. Kişi mənimlə həmişə həmfikir olurdu, mənim ağıllı, ağıryana təbiətim ona xoş gəlirdi. Baldızım buna da göz qoyub, atası ilə mənim münasibətimi də pozmağa çalışırdı. Qaynanama uşağın istiliyini dedim, həkimə aparmaq istəyimi bildirdim. Məni acıladı, havaların istiliyindən uşağın istiləndiyini dedi. Susub, içimə atıb ağlayırdım. İyunda anamgilə gəldik, burda oğlumun hərarəti daha da artdı. Rəngi qaralmışdı, əsmər uşaq idi, indi bənizi daha da qaralmışdı. Yeriyən uşaq artıq yerimir, ancaq qucağımda daşıyırdım.
Bir tərəfdən istilər, bir tərəfdən uşağımın belə dərdi məni əridirdi. Anamla rayonda bütün həkimləri dolaşdıq, gah dedilər qanında allergiya var, gah dedilər böyrəyində problem var. Müalicələr yazıldı, yazıq anam əlində-ovucunda olanları toplayıb həkimlərə, müalicələrə xərclədi.

Heç bir fərq olmadı, yoldaşıma xəbər edib vəziyyəti danışdım, Bakıya həkimə aparaq dedim. Nihat gəlib bizi öz rayonlarına qaytardı. Uşaqların öz həkimi vardı, onun yanına apardıq. Həkim balamı- Ömərimi uzadıb müayinə etdi və dönüb üzümüzə baxaraq: "bu uşaq ölür, siz hələ yatmısınız” –dedi. Dünya başıma firlandı, artıq həkimin nə dediyini duymurdum. Həkim yoldaşıma, dərhal göndəriş alıb, Bakıya xəstəxanaya getməyimizi söylədi. Göndəriş alıb, Bakıya yola düşdük. Bakıdakı xəstəxanada xalam qızı və xalam oğlu cərrah idilər. Onlara zəng etdim,
vəziyyəti anlatdım. Çatan kimi uşağı reanimasiyaya aldılar, analizləri götürüldü. Analiz cavabları çıxana qədər rayondakı həkim zəng etdi ki, ya qan xəstəliyidir, ya brusellyozdur. Dua edin ki, brusellyoz olsun, qan xəstəliyi olsa uşaq yaşamaz dedi…

Həkimlər xəstəxanada qalmağımızı söylədilər. Bunu eşidən qaynanam pulumuz yoxdur deyib narazılıq etdi. Dövlət xəstəxanası idi, heç nəyə məhəl qoymadan tək balamı düşünürdüm. Bir həftə sonra analiz cavabları çıxdı, brusellyoz xəstəliyi olduğu aşkarlandı. Ağartı məhsullarından mikrob keçibmiş. Balamın orqanlarında şişmə gedirmiş, gec gəldiyimizə görə həkim bizi məzəmmət edirdi. Balamın sağalacağını soruşanda mənə yaxşı olacaq deyib, arxamı çevirəndə uşaq yaşamaz dediklərini duyurdum. Bütün orqanlarında böyümə gedirdi. Tək Allaha sığındım, bu günə qədər tək dayağım O olmuşdu, yenə olacaqdı, mənə bala dağı çəkdirməzdi Allahım…

Aylarla xəstəxanada yatıq oğlumla. Bir yerə gedə bilmirdim, çimməyə şərait yox idi, natəmizlikdən dərimdə xəstəliklər yaranmışdı, çirkdən saçlarım kökündən qopub tökülürdü. Heç nə vecimə deyildi, bir tək balamın sağalmağını gözləyirdim. Oğlumun həkiminə ölənə qədər minnətdar olacaqdım, balama çox diqqətli yanaşırdı, müalicədə irəliləyiş vardı. Orqanların şişkinliyi çəkilir,
yığılırdı. Bizə dayımgil yemək göndərir, xalamoğlu gətirirdi. Anam da rayondan hər şey yollayırdı. Qaynanamla danışanda bir dəfə yemək göndərməyini dilimlə istədim. Yoldaşımgilin qohumlarından heç kim gəlmədi yanımıza, bir tək Bakıda yaşayan əmisi qızı vardı, o yoldaşı ilə gəlmişdi. Axşam görüş saatlarında bütün xəstələrin yanına qohumları gəlir, biz isə oğlumla bir-birimizə baxırdıq.

İki ay müddətində yoldaşım bir dəfə gəldi. Əliboş, heç nə gətirmədən gəlib uşağa baxıb məni də acılayıb getdi. Avqustda xəstəxanadan çıxdıq. Həkim uşağa qarşı çox diqqətli olmağımı söylədi, payızda yenidən müayinə üçün gəlməyimizi bildirdi. Rayona-evə gəldik, ev-eşikdə sanki adam yaşamayıb. İlahi, iki qadın olan ev necə bu gündə ola bilərdi? Uşağı divanda oturtdum,
iş görməyə başladım. Ömər divandan yıxıldı, nəfəsi kəsildi, o qədər qışqırdım ki, səsim tutulmuşdu. Üzünə su səpməyə başladım, özünə gəlib yediklərini qaytardı.
Həkimə aparmağa qoymadılar, oğlum düzəlsə də, bir gün bunun fəsadının olacağı ağlımdan çıxmırdı...

*****

…Yoldaşım mənimlə pis rəftar edirdi, uşaqlar da bundan psixoloji travma alırdılar. Məni döyəndə qorxub ağlayır, gecə isə yuxuda qışqırıb oyanırdılar. Nihata deyirdim ki, heç olmasa uşaqlarımın yanında döymə, çox qorxurlar. Hər payızda güc-bəla ilə oğlumu müalicəyə aparırdım.

Söz-söhbət aləmi götürürdü. Nənəsi qızımın başına o qədər vurmuşdu ki, qızımın gözündə çəplik yaranmışdı. Bunu həkimə aparanda demişdi. Artıq qızımı da müalicə etdirməli idim, anam maraqlanmışdı İranda yaxşı həkim vardı, ora aparmaq istəyirdim. Yay vaxtı idi, anamgilə gedirdik. Maaş kartım qaynatamda idi, pulu çəkir mənə bir qara qəpik də vermirdilər. Rayona gedəndə uşaqları müayinəyə aparacaqdım, mənə pul lazım olduğuna heç kim fikir vermədi. Yenə yazıq anam elətdirəcək deyə fikirləşirdilər. Evdən çıxanda stoldan maaş kartımı götürdüm, qaynanam kartın harda olduğunu soruşanda götürdüyümü deməyimlə vay-şüvən qoparmağı bir oldu. Yerimdəcə donub qaldım, mənim əziyyətimin bəhrəsini məndən oğurlayıb, vermirdilər. Artıq səbr kasam daşırdı, bu, qışqırıq-haray salanda bütün əlim buz kəsilmişdi, əsəbdən danışa bilmirdim. Nihat üstümə gəlib məni döyməyə
apardı. Bizi aparmayacağını deyəndə: "aparmırsan, heç aparma, mən uşaqlarımla özüm gedəcəm, bəsdir daha məni əzdin, tapdalatdın, bezmişəm hər şeydən, bu evdən tüpürüb çıxacam. Sən məni sevib aldın, amma bir dəfə arxamda dayanıb mənə dayaq olmadın”-dedim. Qaynatam sakitləşdirdi, Nihat bizi maşına oturdub yola düşdü.

Uşaqlara qışqırdı, qorxudan ağlayıb yatdılar. Beş saatlıq yolda heç nə danışmadı. Çatanda bizi maşından düşürüb getdi. Anam görüşməyə çıxdı, gördü ki, yoxdur. Olanları anama demək istəmirdim, amma başa düşdü. Hər şeyi anama danışdım, cana
doyduğumu, boşanmaq istədiyimi söylədim. Dayılarım və böyüklər toplandılar, onlara da yaşadıqlarımın bir qismini danışdım. Əgər evdə mən nökərəmsə, öz qazancımı, əziyyətimin bəhrəsini kimlərsə xərcləyib məni bir qəpiyə həsrət qoyurlarsa, anamın göndərdiklərini ağız dadı ilə yeyə bilmək ixtiyarım yoxdursa, döyülüb söyülürəmsə, xəstələnəndə bir maraqlananım olmursa, mən, o ailədə nə səbəbə oturmalı və dözməliyəm?!

Dayılarımın yoldaşları necə təsir etdilərsə dayılarım məni borclu çıxardılar. Sən demə, bunların dərdi mən deyilmişəm, mən boşansam öz qızlarının adını çəkən olmayacaq deyə düşünüb, belə ediblər. Rayonda hamı deyəcək ki, bibilərinin taleyi belə, bibi qızının bəxti belə, bunlardan arvad olmaz-deyib bunlara yaxın düşən olmazmış…

Uşaqlar ağladı, ataları ilə danışmaq istədilər, zəng etdim danışdılar, sora mənimlə danışdı. Ata-anamdan üzr istəməyincə, gəlib səni gətirməyəcəm, dedi. Mən isə üzr istəməli olduğum situatsiyanı soruşdum. Hansı tərbiyəsizliyimin müqabilində üzr istəməli idim?

Hələ anamgilə gəlməmişdən bir gün əvvəl qaynanam başladı ki, evdə pulum itib. Mənə dedi ki, sən oğurlamısan. Sonra gəldi ki, başqa yerə qoymuşam, ağlımdan çıxıb.

Bu qaynanadan mən niyə üzr istəyim? Nihata: "mən günahkaramsa, Allah məni cəzalandıracaq, üzr də istəməyəcəm, gəlmirsən lap yaxşı, get boşanma ərizəsi ver” - dedim. "Yaxşı!”-deyib telefonu qapatdı.

Günlər keçdi, bir gecə Nihat mesaj yazdı ki, darıxıram,
səni istəyirəm, yastıqdan Ömərin qoxusu gəlir, qala bilmirəm. Gəl barışaq. Böyükləri ilə gəlməyini, şərtlərim olduğunu dedim. Atası ilə gəldilər, bizimdə böyüklər toplanıb məni yenidən ailəmə qaytardılar. Bunlar da bizi götürüb qayıtdılar. Gələn kimi qaynanam yenə sözləri ilə iynələməyə başladı. "Ağlın başına gəldi?” deyəndə "dəli deyildim ki!” deyib otağıma keçdim. Artıq fikir vermirdim, adiləşmişdi mənim üçün…

Sonra kartdakı pulları soruşdu, mən də uşaqların müalicəsinə xərclədiyimi dedim. Oğlum sağalmışdı, qızımın da gözünü müalicəsini yazdırmışdım, yaxşı ki, tez üstünə düşmüşəm, əks halda qızımın gözü çəp olacaqdı. Balalarıma xatir hər şeyə dözməyə məcbur oldum.

Həmin il rayonun kənd məktəbində ibtidai sinif və riyaziyyat üzrə bir illik boş yer var idi. Maarifdən çağırdılar, baldızımla getdik. Onunla birlikdə işləməyə başladıq. Bu, mənim üçün xoş olmasa da, məcbur idim. Hər nə olurdusa, anasına danışırdı. Yolda yediyim konfetə qədər anasına deyirdi. Evə günortadan keçmiş gəlirdim, hamısı yeməyi yeyib mənə saxlamırdılar. Qazanın dibində yeyilmiş-atılmalı olan yemək qırıntıları olurdu. Hamısına nifrət edirim. Mən bunları haqq edəcək heç bir şey etməmişdim.

Atam bizim ev nömrəsini tapmışdı, arada zəng edirdi. Anamdan danışıb onu təhqir edirdi. Evdəkilər yanımda olanda özümü sındırmamaq üçün salam-sağol edirdim.

Tək olanda zəng etdi, məndən əl çəkməyini, məni axtarmamağını dedim. Son sözüm bu oldu ki, ata, kaş sənin narkoman oğlun, pozğun qızın-arvadın olaydı, adam içinə başı dik çıxa bilməməyin nə olduğunu anlayardın. Məni kimi üzüqara olardın, mən səndən utanıram. O, zəng edəndə əsəblərim korlanırdı, özümlə danışıb taleyimə ağlayırdım.

Bu minvalla dərsə gedir, günorta tez balalarımın yanına qaçırdım. Hamıdan uzaq idim, heç kimlə münasibətim yox idi. Noyabr ayı oldu, artıq, müəllimələr arasında söz-söhbətlər eşitməyə başladım. Baldızım boşanmış qadın idi, geyimində ölçü gözləmirdi, rayon yerində boşanmış qadın hər bir addımına diqqət etməli idi. Bir müəllim vardı, cavan oğlan idi, evli olduğunu da bilirdim, çünki yoldaşı da bizimlə müəllimə işləyirdi. Məktəbdə bu oğlanla Arzunun adını hallandırırdılar. Heç kimə heç nə demədim.
Desəydim belə, qaynanam məni günahlandıracaqdı, şər atırsan deyəcəkdi...

*****

…Baldızımla arasında münasibət olduğu iddia edilən bu oğlanın bir qızı vardı, çox şorgöz adam idi. Danışılanlara fikir vermirdim, nəyimə lazım deyə fikirləşib hamıdan yan keçirdim. Bir gün bu oğlanın bizimlə birlikdə işləyən yoldaşı yanıma gəldi, ağlayaraq danışmağa başladı. Arzunun əri ilə görüşdüyünü, danışdığını dedi. İnanmadım, bəlkə yanılırsan, ola bilməz dedim. Arzuya da, qadının mənə dediklərini deyib ölçü götürməsini söylədim. Yaxşı hal deyildi. Arzu bütün bu dediklərimi həmin gəlinin ərinə deyib,
gücü yoldaşına çatan "qeyrətli” əri də, arvadını ölümünə döymüş, qabırğasını sındırmışdı. Bu oğlanın narkotik aludəçisi olduğunu öyrəndim, Arzuya da uzaq durmağını bildirdim.

Bir müddət sonra gəlin yenə yanıma gəldi ki, gecələr gec saatlara qədər danışırlar, inanmıram deyəndə isə, baldızımın saatlarla danışılan nömrələrinin siyahısını göstərdi. Arzunu oğlana qarşı duyuq saldığım üçün bu oğlan mənə düşmən kəsildi. Məktəbdə lazım olan yazılarımı həmişə komputerdə yazırdı, bu söhbətdən sonra artıq imtina edirdi.

Ayın 15-də doğum günüm idi, 14-ü günü evdə bu söhbət açıldı, baldızım məni borclu çıxartdı. Bunun şərdən başqa bir şey olmadığını dedi. Mən də əsəbiləşdim ki, mənim burda heç kimim yoxdu, bu işlədiyim üçüncü kollektivdir, niyə mənim adıma bir söz
çıxmır, heç kimlə artıq bir söz-söhbətim yaranmır? Bunu eşidən qaynatam üstümə hücum çəkdi, "qancıq, qızımı şərləyən sənsən”-deyib, mənə şillə vurdu.

Hirsimdən sadəcə ağlaya bildim, kimsəsiz olmağımı mənə o şillə daha çox dərk elətdirdi. Mənim də arxamda ata nəfəsi, ata şəfqəti olsaydı, heç kim qorxusundan mənə əl qaldırmaz, söyməzdi. Ərim yanıma gəlib atasının ərk eləyib məni vurduğunu dedi. Bununla lap odlandım, ona "sən ər kimi mənim arxamda durmadın, atanı da heç vaxt bağışlamayacam, o, qızının pozğunluğuna
görə mənə sus payı etdi” - dedim. Səhərədək yata bilmədim, səhəri diri gözlə açdım. Özümü öldürmək istədim, balalarım gözümün qarşısında dayandı. İşə getməyə halım yox idi, amma gedib o şərəfsiz oğlanı məhv edəcəkdim, ondan hesab soracaqdım. Bir güclə qalxıb məktəbə getdim, elə halda idim ki, hamı niyə beləsən deyə soruşurdu.

O alçağı gözləyirdim, daha susmayacaqdım, əsəbdən boğulurdum. Müəllimlər otağına gəldi, buna "sən haçan kişi olacaqsan?” deyəndə çevrilib mənə baxdı. Baldızımı belə sevirsənsə boynuna al, sevmirsənsə, mənim həyatımı qaraldıb ailəmə söz-söhbət salma! Mənə dedi ki, hər şeyi sən özün qabartdın. Sənin həyatını məhv etmək mənə borc olsun. Mən isə, "əlindən gələni ardına qoyma” deyəndə bu qışqırmağa başladı. Özümü idarə eləyə bilməyib əlimin altındakı stulu bunun başına
fırlatdım, az qala beyni deşiləcəkdi, məni zorla saxlayıb
sakitləşdirdilər. Bir az sonra gəlib üzr istədi və səninlə heç vaxt işim olmayıb dedi.

Bu halda dərsimi necə keçəcəyimi bilmirdim. Doğum günümü belə qarşılamışdım, şagirdlərimin sevgisi ilə yenə ruhlandım. Onlar ad günüm olduğunu bilib mənə sürpriz hazırlamışdılar, şəkillər çəkdirdik. Başıma gül ləçəkləri səpdilər. Onların sevgisini, diqqətini görüb sevinmişdim. Heç vaxt ailəmdən bu günümdə quru təbrik belə almamışdım. Evə gələndə uşaqları da hazırlayıb anamgilə getməyi qərara aldım. Dözə bilmirdim daha, üstümə hər cür ad qoymuşdunuz, bircə pozğun olmağımı deməyiniz qalmışdı. Onu da dediniz. Getmək qərarımı görəndə Nihat əl-ayağa düşdü, bacısı boşanmışdı, mən də boşansam hamı bunların özündə bir
problem olduğuna şübhə etməyəcəkdi. Qərarlı olduğumu görəndə Nihat anama zəng elədi, anam yenə söhbətin nə yerdə olduğunu anlayıb Nihatı danlamağa başladı.

Bütün bunlara Nihatın özünün səbəb olduğunu, qızına ər olmadığını söylədi. Nihat da donub qalmışdı. Mənə yalvarmağa başladı, uşaqlarım qorxub ağlayır, yenə Nihatın məni döyəcəyini zənn edirdilər. Məsafə çox uzaq, əlimdə isə beş qəpiyim yox idi. Hirsli başla getmək istəsəm də, yenə taleyimə boyun əydim. Baldızımla qaynatamı isə Allaha həvalə etdim ki, haqqı nahaqdan ayıran O’dur.

Həmin gün evdə uşaqlar susmadılar, bütün gün ağladılar. Qaynanam isə o tərəf- bu tərəfə keçib öz aləmində sakitlik yaradırdı. Arzu boşanandan anasının əsəbləri pozulmuşdu, yuxusunda narahatlıqlar vardı. Onun güclü narkotik tərkibli sakitləşdirici dərmanları vardı. Mən qoşulub qaçanda Nihata "bir Allaha, bir də sənə sığınıram, sən mənim nəinki ərim, həm atam-anam, qardaşım olacaqsan” demişdim. Amma Nihat mənə heç vaxt arxa-dayaq olmadı. Daima ayaqlar altına atdı, məni
arvadı kimi müdafiə etmədi. Başqalarına baxıb qibtə edirdim.

Həmin gecə Arzu anasının beynini doldurmuşdu, mənim, kiminləsə onun qeybətimi etdiyimi söyləmişdi. Anasına qızının sözü qanun idi. Arvad mənə qışqırmağa başladı, ağzına gələni deyib şər atdı. Artıq cana doymuşdum. Gecə yarısı qaynanamın sakitləşdirici dərmanlarından hamısını ovucuma töküb, uşaqlarımı öpüb həbləri birnəfəsə içdim...

*****

…Gecə yarısı ayıldım ki, üstündən iki saat keçib, su içmək üçün qalxdım, ayaq üstə dayana bilmirdim. Həyətə düşdüm yarı yolda yıxılıb bir saat betonun üstündə yatılı qalmışam. Anidən yenə ayıldım, sürünə-sürünə evə çıxdım, mətbəxdən su almaq istəyəndə stəkan əlimdən yerə düşüb sındı. Özüm də büdrəyib yerə yıxıldım, mənim yıxılmaq səsimə qaynanam gəldi. Gördülər ölürəm, huşum getdi, çığır-bağırla ayıltdılar məni. Baldızımın, "artistlik edir" dediyini eşitdim.

Ərim isə o qədər səs-küyə yuxudan ayıla bilməmişdi. Gəlib yerimə uzandım, sodalı su içdim ki, qaytaram. Amma gec idi, dərmanlar işini görmüşdü. Səhər açıldı, dərsə gedə bilmədim, məni həkimə aparmadılar. Ayağa qalxa bilmirdim, çırpılırdım yerə… Təzyiqim yüksəlmişdi, ürəyim ağzımdan çıxacaq kimi idi. Nihat, dərman içdiyimə görə mənə əsəbiləşib anama zəng vurmaq istədi, anası qoymadı ki, deyəcəklər nə olubsa, burda olub, başımıza
xəta açma dedi. Anası gəlsin aparsın deyəndə, yalvardım ki, belə zəng edib anamı dəli eləməyin, onsuz da gələcək, qıldığınız namaza and verirəm anama heç nə deməyin - deyərək zarıyırdım.

Səhəri gün nisbətən düzəlmişdim, hamıya nifrət edirim, uşaqlarıma baxıb peşiman olmuşdum. Amma dözümüm qalmamışdı, fikrim, istəyim balalarımla hamıdan
uzaq bir yerdə olmaq idi, bu ailədən canımı qurtarmaq istəyirdim.

Uşaqlarımın yeməyinə, ağlamağına, istəklərinə belə söylənirdilər. Qaynanam uşaqlardan yeməyi, konfeti, meyvəni gizlədirdi. Qızımla oğlum səs-küy salanda onlara qarğayır, nalə edirdi. Tək istəyim hamıdan uzaqda bir həyat idi, axı, mən aciz qadın deyildim, rus, ingilis, fars və ərəb dillərini bilirdim, komputer biliyim yerində idi. Harda olsa, uşaqlarıma zəhmətimlə bir tikə
çörək tapıb, onları istədiyim zirvəyə çatdıra bilərdim. Bu dəfə məntiq və ağılla düşünüb addım atmaq istəyirdim. Amma hər dəfə anamla danışanda onun dünyasını dağıtmaqla, bir də bu şəkildə ona bala dərdi verməkdən qorxurdum. Çünki anam xəstə idi, mən Nihatla qaçanda şəkər xəstəliyi tapmışdı və həm də əməliyyat olunub qadınlığı götürülmüşdü. Ona əzab verdiyim üçün utanırdım, vicdanım narahat idi.

Məktəblə bir illik müqaviləm bitti, şagirdlərimlə vidalaşmalı oldum. İmtahan verdim, baldızım da imtahan vermişdi, mən ev işlərindən vaxt eləyib hazırlaşa bilməmişdim, qəbul olunmadım, Arzu isə ucqar bir kənddə işə qəbul olundu. Arzu hələ maaş almamışdı, qaynanam deyinirdi ki, uşaqlarınla mənim qızımın qazancını yeyirsiniz.

Ərim qazancını gətirib anasına verirdi, mən uşaqlara
nəsə al deyəndə qışqırır, deyinirdilər. Arzu, mənə dəfələrlə sən tanımadığın oğlana qaçmısan, mən heç vaxt eləmərəm deyib məni sancırdı. Onun gizli işlərindən xəbərim var idi, amma maraqlanmırdım. Məktəbdə adı hallanan oğlan bunu şantaj edir, gecə görüşlərinə çağırır, hətta döyürdü. Bunların hamısını bilirdim. Arzu cana yığılsa da, səsini çıxara bilmirdi.

Baldızım girdiyi bu çirkabdan qurtulmaq üçün "odnoklassnik" sosial şəbəkəsində bir dul kişi ilə tanış oldu. Rusiyada yaşayan bu kişinin evinə, varına aldanıb bununla qaçdı. Qaynanam dəliyə döndü, bunlar bilet alıb getdilər, Rusiyaya çatanda qoşulub qaçdığı adama "stop” vuruldu, məcbur geri döndülər. Arzu özünü yerə vururumuş ki, mən geriyə qayıda bilmərəm, ata-anamın üzünə baxa bilməyəcəm. Əslində, dərdi ata-anası deyildi, mənə
dediklərinə görə diligödək olacağını bilirdi. Qayıtdılar geriyə, ona ürək-dirək verdim, özü dili ilə dedi ki, mən belə arzulamamışdım.
Mən də həyatımı belə arzulamamışdım…

Qaynanam şəkər oldu, uşaqlarımdan gizlətdiyi yeyəcəklərə indi özü həsrət qalmışdı. Qaynatamın mənə şillə vuran əli isə qızının bu haqq-hesabından sonra iflic oldu, sağ tərəfi işləmir. Arzugil kəndə qayıdıb orada yaşamağa başladılar. İndi hamilədir, tam bir kənd həyatı yaşayır, dəli olur ki, mən burda yaşaya bilmirəm, bu nə bəla idi düşdüm. Rusiya eşqi kəndlə əvəz olundu…

Nihat isə artıq evə hallı gəlir, ağzımı açan kimi məni
döyürdü. Sonradan bildim ki, nəşə çəkir və qumar oynayıb borca düşüb. Mən bir manat istəyəndə qışqıran ərim, indi bankdan pul götürüb borcunu ödəyirdi.

Sonra qulağıma çatdı ki, pozğun qadınlarla gəzir, telefonunda mesajlar tutdum. Heç nə demədim, üzünə də vurmadım, mənim üçün artıq mənasız idi. Qışda atasının təkidi ilə polis olaraq işə düzəldi, bir gecə Bakıdan mənə zəng edərək qəza etdiyini, maşının əzildiyini və özünün də pis vəziyyətdə olduğunu dedi. Hamımız çox qorxduq, nə qədər xərclə, tanışla işi bağadılar. Özü də ağır yaralanmışdı, ölümdən döndü. Anasına dəfələrlə oğlunun pis vərdişlərini desəm də, məni borclu çıxarır, sən yaxşı arvad olsan, etməz deyirdi. Amma bu qəzadan sonra səsi kəsildi. Biz evlənən gündən ərim ailəsinin əlində kukla idi, istədikləri kimi idarə edirdilər. Evliliyimizin 8 ili oldu.

Uşaqlarım böyüyürdü, onların gələcəyini düşünürdüm, qızım rus bölməsinə imtahan verib 1-ci sinifə qəbul olundu. Buna da çox müdaxilə etdilər, rus bölməsi olmasın dedilər. Artıq heç kimi dinləmir, övladlarım haqqındakı qərarları özüm qəbul edirdim.
Dərsləri ilə özüm məşğul olur, onların yaxşı həyatı olması üçün çalışıram. Uşaqlarım mənə çox bağlıdırlar. Həyatımı onlara qurban etmişəm. Mən atasız böyüdüm, bu gün də bu həyatı yaşamağıma atam səbəbkardır. İstəmirəm ki, mənim balalarım da atasız olsun, pis də olsa, yaxşı da olsa, heç olmasa ata nəfəsini duysunlar. Mənim atam mənim evimin yolunu tanımır, uşaqlarımı da görməyib, arxamda olsaydı, mən bu əzabları çəkməzdim,
anam bunları yaşamazdı. Bu günə kimi də atam bilmir ki, mən onun ucbatından Nihata qaçdım. Mən ailə həyatımı bu cür qurduğum üçün isə hər şeyimi itirdim, qohumlarımı, dayılarımı və qardaşımı… Qardaşım mənə nifrət edir, anamı incidir, mənim həyatımı anamın başına vurur.

Bir tək Allahımın mənimlə olduğuna inanıram, gec-tez hər şeyi görüb qarşılığını verdiyinə əminəm.
Bir də, bu yaxınlarda bilmişəm ki, Ruslan da xalası qızı ilə evlənib. Ata olmağa hazırlaşır. Məni istəyən xalam oğlu isə hələ də evlənməyib və hələ də məni çox sevir.
Mən boşanmağa qərara verəndə anama deyib ki, boşansın gəlsin, iki uşaqla mən onu xoşbəxt edəcəm, burdan götürüb uzaqlara aparıb ona layiq olduğu ən gözəl həyatı yaşadacam. Amma ki, anam bacısı ilə düşmən olmaq istəmədi. Mən bu ailəyə layiq deyildim.

Və il 2015... Övladlarım məktəbə gedir, mən isə pis-yaxşı bu şəkildə yaşayıram, tək sevincim, xoşbəxtliyim Fatimə və Ömərimdir. Mən həyatımı onlara adamışam, onları ən yaxşı şəkildə böyüdüb, öz ixtiyarımla yaşadıb ən yüksək zirvəyə daşıyacağam. Həyatdakı tək tutunağım anam və övladlarım oldu. Artıq yaşamımı bu istiqamətdə, bəlirli olan bu iki xətt üzrə planlamışam. Mənə illərini həsr edib, əziyyətimi çəkən əfsanə qadın-anam və sevə-sevə əziyyətini çəkdiyim iki balam...

Analar, məcburiyyətlərə hamilə qalıb, ondan ümid doğar... Ümidinizin itməməsi diləyilə, növbəti gözəl həyatlarda görüşmək diləyilə...

Əsən qalın!

Qələmə aldı: Aysel Abdullazadə 
Müəllif hüquqları qorunur!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar