Post views: counter

24 Aralık 2015 Perşembe

Azad olmayan cəmiyyətin azad qadını - TƏHMİNƏ!


Aysel Abdullazadə yazır:

Təhminə fahişə idi, yoxsa ona fahişə damğası vuran cəmiyyət?

Çoxlarınız oxumuş olarsınız demirəm, baxmış olarsınız deyirəm. Çünki kitab oxuyanı bu qədər çox olmuş olsaydı, zatən, bu cəmiyyət Təhminəni potensial fahişə kimi görməzdi.

"Təhminə və Zaur" filmi çoxlarımıza məlumdur. Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin sujeti əsasında çəkilmiş bu film Azərbaycan mentalitetinə bir o qədər də sığmır. Axı, biz mental dəyərlərə, milli-mənəvi məsələlərə qarşı çox həssasıq. Bu film də çoxlarının gizlində izlədiyi, ailəsinin yanında baxa bilmədiyi filmlərdən hesab olunur, Azərbaycan üçün...

Əsəri oxuyanlar üçün məsələ daha aydındır. Məlumdur ki, kinoda dəyişiklik olması qaçınılmazdır.

Dünən sosial şəbəkədə 12min insanın (qadının) toplaşdığı bir qrupda bu filmdən bir sitat paylaşılmışdı. Eynilə olduğu kimi sizlərə də çatdırıram: "Hər bir kişinin həyatında bir "Təhminə" mütləq olub. Cəsarətli olanlar sahib çıxıb, cəsarətsizlərə isə xatirələr qalıb!

Rəyləri izlədim, Təhminə obrazını normal məntiqlə təhlil edənləri də oldu, məsələni bakirəliyə qədər sürüyüb gətirənləri də, hətta belində qırmızı lenti olmasa, o qızı almaq olmaz deyənləri də.

Məsələ burada bir neçə istiqamətdə inkişaf edir. Əvvəla qeyd edim ki, bu rəylərdən bir şeyi anladım, cəmiyyətdə qadınları "baltalayan" elə qadınlardır. Təhminə obrazına elə yanğı ilə "hücum" etdilər ki, bir anlıq elə bildim ki, Meral Konrat gəlib bunların əri ilə sevişib. Polemika anlayışımız, müzakirə qabiliyyətimiz çox-çox aşağılardadır. Bu mövzunu qadın nöqteyi-nəzərindən də müzakirə edənlər oldu, ədəbiyyata dəxli olmayan, hətta bir kitab qapağı qaldırmayanlar da, əsəri oxuyub normal məntiqli əsaslarla yanaşanlar da. Bir şeyi də qeyd edim ki, qadınlarımız çox aqressiv olublar, əllərində qılınc ərlərinin ətrafında dolaşan qadınları öldürəcəkmiş kimi hazır dayananlar vardı. Anam-bacım, səni kimi "paranoyak" bir qadını kişi neynəsin axı? Sənin özünə güvənin yoxdur, bir fikri normal qəbul edib, əsaslandıra bilmirsən, Təhminəni monitor arxasından yıxıb-sürüyürsən, elə, sənin evdə yemək bişirib, "ərim mənə xəyanət etmir" deyə-deyə yaşamağın daha labüddür.

Keçək Təhminəyə. Əsərdə Təhminə obrazı fahişə kimi verilməyib. Evli olduğu halda Zauru sevir. Elə Zaur da onu sevir. Və Təhminə üçün yalnızca şaiyələr gəzir. Bu şaiyələrə görə cəmiyyət Təhminəni fahişə olaraq görür. Səbəbi çox aydındır. Bir az qadın eqoistliyi və ər itirmə qorxusu.

Təhminə evlidir, amma onun ərini niyə bu qınaqlardan, yıxıb-sürümələrdən kənarda saxlayırıq? İkinci bir tərəfdən, evli olduğunu bilə-bilə Təhminəni sevən, sevişən Zaurun adı nədir? Öz anasının təhqirlərindən belə (sadəcə küçədə qadın sözlərindən eşitdiyi) Təhminəni qoruya bilmir. Hansı sevgidən, kişilikdən söhbət gedir? Yaxşı, Təhminənin həyatı gətirməyib, mutsuz, mənasız bir evliliyi var, Zaurla rastlaşıb. Evli bir qadınla sevgi adı altında sevişən Zaur bu cəmiyyət üçün kişi olduğuna görə mi süddən çıxmış ağ qaşıq olur? Anasının aldığı qızla evlənəcək qədər aciz, sevgisini bu qədər cılızlaşdıran bir obraz niyə bu cəmiyyəti narahat etmir?

Yazıçı özü də əsərində Təhminə obrazını fahişə kimi göstərmədiyini bildirib. Spartakla və başqa kişilərlə heç bir münasibəti olmadığı halda şaiyələrə əsasən mi Təhminəni fahişə edirik? Yoxsa evli olduğu halda subay bir insanla - Zaurla sevgi yaşadığına görə mi? Hər iki situasiyanın səbəbkarı kişidir, niyə bunu görə bilmirik? Zaur və Təhminənin əri... Məsələ başdan-başa kişi obrazların alçaqlığı üzərində qurulub. Bunu anlamırıqsa, başqa nəyi deməyə ehtiyac qalır ki?
Təhminəni fahişə edən bizim toplumdur. Fahişə sözünün etimologiyasını belə bilməyən toplum!

Və bu qaçınılmazdır ki, Zaur gücü, cəsarəti çatsaydı, Təhminəni özünün də dediyi kimi məlaikə edə bilərdi. Çünki Təhminənin evliliyi möhtəşəm bir yaşantı üzərində qurulmamışdı. Zaurun acizliyi, qorxaqlığı buna imkan vermədi.

Bu gün toplumda Zaurlar da var, Təhminələr də. Məsələ də eynilə qalır. Bu cəmiyyət nə qədər ki, Təhminələri fahişə olaraq görəcək, Zaurlar Təhminələrdən sadəcə "kamını alıb" qorxaqcasına öz köşəsinə, ana qucağına çəkiləcək, bu problem həmişə olacaq.
Təhminə azad olmayan cəmiyyətin azad qadını idi. Fahişə damğasını da bunu dərk etməkdə aciz olan beyinlər yapışdırmışdı.

Sevgi bu qədər cılız, bəsit şeylər üzərindən yox ola bilməz. Zaurun sevgisi vardı, amma qorxaqlığı, acizliyi onu çəkilməyə məcbur etdi. Təhminənin ölümündən sonra bunu daha dərindən anladı.

Və sonda, əziz xanımlar, Təhminənin həmcinsləri, qorxmayın, Təhminə gəlib sizin ərinizi sevməyəcək, sevişməyəcək. Gedin, əsərin özünü oxuyun, həyata bir az açıq gözlə, daxili vicdanla, ürəyinizin səsi ilə baxın. Dünyanı dördbucaqlı zənn edib, 90 dərəcəlik bucağın küncündə dayanmayın, dünya dairəvidir.

Və bir qadının fahişə olmağı üçün mütləq bir kişi rolu gərəkdir. Qadın tək başına fahişəlik edə bilməz. Təhminəni fahişə edən cəmiyyətin "əxlaqlı" insanları, dünyaya xoş gəldiniz!

Sayğılarla!



0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->