Post views: counter

27 Aralık 2015 Pazar

Aysel Abdullazadə: "Zaur nə vaxtdan "moda uzmanı" olub ki?"


Aysel Abdullazadə yazır: 

Azərbaycan televiziya efirində məna və anlam yükü çox yüngül olan verilişlər ön plandadır və sayca da çoxluq təşkil edir. Bunun günahını ilk növbədə toplumda görmək lazımdır. Çünki televiziya zövqü birbaşa veriliş reytinqinə təsir edən amildir. Bu, problemli hissənin bir istiqamətidir. İndi isə sizə gördüyüm bir efir eybəcərliyindən danışmaq istəyirəm.

Türkiyənin layihəsi olan "İşte benim stilim" yarışmasını bizimkilər də həmən "kapmışlar". 

Evdə televizora baxan deyiləm, qonaq getmişdim. Təsadüfən, bu veriliş başladı. Sən  demə, elə birinci bölüm imiş, nə kəramətdirsə artıq. Nə isə, bir az izləməli olduq. Hamı istəyər ki, öz milləti ilə qürur duysun, yaxşı işlərini danışsın, fəxr eləsin. İndi nədən danışaq, nədən öyünək, nə ilə fəxr edək?

Jürisi bir dərddir, seçdikləri yarışmaçılar da ayrı bir dərd.

Bu necə etikasızlıq, nitq mədəniyyətsizliyi, davranış pozğunluğudur? Bütün dünyanı qoyuram kənara, ən azı iki millətin, iki ölkənin gözləri önünə bu qabiliyyətsizliyinizi sərgiləməyə utanmırsınızmı?

Efir mədəniyyəti hara qeyb olub? Nə vaxtdan efirdə "uje, arvadskoy" kimi varvarizmlər işlənir? Elementar danışıq qabiliyyətin yoxdursa, nə işin var bu qədər toplum önündə? Efir mədəniyyəti olan insan o dəqiqə hiss olunur. Bir tək Natali Borzicsky'ı (aktrisa modelyer) bəyəndim (konseptə uyğun geyimi, davranışığı, danışığı ilə) , onun da təbii ki, təcrübəsindən irəli gəldiyi danılmazdır. Amma efirə çıxırıqsa, ən azı xırda elementlər öyrədilməlidir, seyirçi zövqünü bu qədər kirlətməyə haqqınız yoxdur!

Onları oraya seçən necə seçib, nəyi əsas götürüb, anlamıram.

Bu yarışma dünyada bir çox ölkələrin imza atdığı layihədir. Amma bu şəkildə - zövqsüz, bayağı, qabiliyyətsiz və banal formada sərgiləməklə o ölkələrdən "seçilirik". Xüsusən də, çəkiliş Türkiyədə baş tutubsa, bu elə-belə şey deyil. O ölkədə insanımızın kültürünü, nitq mədəniyyətini, davranışını bu cürmü sərgiləməliydik? Anlayıram, yarışmaçıların ilk efir çıxışı ola bilər, amma özünü aparmaq, danışıq formatı ilk deyil, bu adam nədirsə, efirdə də odur.

Və jürilərin, əsasən də, azərbaycanlı olduğu halda model Günay Musayevanın nitqindəki "çoxluq" insanda ikrah və yaltaqlıq hissi doğrur. Bu efirdir, dünya izləyicisinə çatacaq bir formatda sərgilənən verilişdə Türkiyə türkcəsində danışmaq niyə? Azərbaycan türkcəsi sizi qane etmir? 
Günay mediaya karyerası və işi gərəyi Türkiyə türkcəsinin həyatının bir hissəsinə çevrildiyini söyləyib. Bəs, onda belə çıxır ki, bu  verilişi karyera və işinin tərkib hissəsi saymırsan? İşin gərəyi Azərbaycan dilində danışmalı və öz ölkənin dövlət dilinə sahib çıxmalısan. Xoşun gəlmirsə, Azərbaycan teleməkanına mənsub bir layihədə iştirak etmək hüququn olmamalıdır. Bu məsələ də yenə birbaşa efir nəzarətsizliyinə gətirib çıxarır. Qeyd edim ki, məqsədim Türkiyə və Azərbaycan qardaşlığına ayrımcılıq gətirmək deyil, Azərbaycanın dövlət dili istifadəsinin mütləqliyini vurğulamaqdır. 

Bir də açar sual: Zaur nə vaxtdan "moda uzmanı" olub ki?

Bu yarışma üçün daha uğurlu və uyumlu jürilər seçmək mümkün idi demirəm, seçilməli idi deyirəm. Fəxriyyə Xələfovadan başqa orada bu verilişə jüri olaraq seçilənlər işin mütəxəssisi deyil. Aparıcı nə vaxtdan modadan, konseptdən anlayan olub?

Ən sadə Türkiyədəki jürilərə baxsaq, aparıcı da seçilir, jürilər də moda sahəsində öz sözünü demiş, bu formatda imzası təsdiqlənmiş uzmanlardır - Hakan Akkaya, Uğurkan Erez, Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu və aparıcı Öykü Serter.

Bir az güzgüyə baxmalıyıq, məncə... 

27.12.2015

2 yorum:

  1. Televiziya Zaur və ailəsi (ATV) tərəfindən zəbt edilib. Baxmıram. Yaxşı yazıdır.

    YanıtlaSil

 
Post Views Script by MBT -->