Post views: counter

24 Aralık 2015 Perşembe

"...Xəyalımdakı dünyamı sevirdim, ta ki, reallıqla qarşılaşana qədər"


P.S: Rəsimdəki qız real həyatdakı Zuha obrazıdır...

Sizin üçün həyat haçan başlayıb? Həyatınızı nə vaxtdan dərk etməyə başlamısınız?

Zuha üçün həyat belə başlamışdı... Əmisi uşaqları, bacıları- Albina və Elvira həyətdə oynayırdılar. Şən səsləri bütün həyətə yayılmışdı. Arada nənəsi Ruqəyyə xanım uşaqlara "sakit olun, başımız dəng oldu" deyə hirslənirdi. Amma kimə deyəsən, qaçırdılar, yıxılırdılar gülürdülər...

Zuha sakit bir uşaq idi. Heç qaynayıb qarışmazdı uşaqlara. Onlar qaşdıqca yorğun baxışları ilə onları izləyir, arabir gülümsəyirdi, ən sevimli məşğuliyyəti əlləri ilə oynamaq idi...

Birdən səslər kəsildi. Uşaqlar göyə baxırdılar. Sonra qışqıraraq əllərinə daş alıb yuxarı atmağa başladılar, əllərini bir-birinə vurub sevinirdilər. Zuhanın başını qaldırmağı ilə bərkdən qışqırmağı bir oldu. Daşları uşaqların əllərindən almağa çalışırdı. Anası Mələk və başqa qadınlar nə baş verdiyini anlamırdı. Zuha kobud şəkildə bacılarını itələyir, ağlayır və daşları atmalarını istəyirdi. Mələk onu sakitləşdirməyə çalışsa da "atmasınlar göyə, atama dəyəcək" deyə qışqırırdı. Ruqəyyə xanım aglamağa başladı. Uşaqlar peşiman halda daşları atıb ona baxırdılar. Artıq, Mələk də özünü saxlaya bilmirdi.
Axı, qızı ondan atasını soruşduqda özü əlini səmaya uzadaraq "bax, atan ordadır, uzaqdadır" deməmişdi mi?!
-Ana, ora necə gedirlər?
Mələk özünü itirmişdi, balaca qıza nə deyəcəyini bilməmişdi. Zuha öz sualına ozu cavab vererek "ana, yeqin o təyyarələrlə gedirlər, elə mi?" deyirdi.

Səhəri gün balaca qız bağça dostlarını başına yığaraq "təyyarələrə qışqırmayın, daş atmayın, o "uzaqlara" gedir dedi. Mənim atam da ordadır. Anam deyir ki, o bizi həmişə görür. Baxın, mənim atam ordadir" deyərək, balaca əllərini səmaya uzatmışdı. Anam deyir ki, "uzaqlar sizin gözləriniz rəngdədir".

Yəqin ki, hər birinizin həyatında qorxduğunuz suallar olub. Verecek cavabı olmayan suallar. Zuhanın da vardı belə qorxusu. Hamısı da atası ilə bağlə... "Sənin atan hardadır?", "atanı çox sevirsen ya ananı?", "atan bayramda sənə nə aldı?", "atan harada işləyir?"

Vaxt ötüb keçdikcə Zuha da anlayırdı ki, bəzi suallardan qaçdığı kimi, anasına da bəzi sualları vermək olmaz. Bəzən susmaq lazımdır.

Albina Zuhadan bir yaş böyük idi. Çox gözəl qiz idi. Öz rəfiqələri vardı. Bacılarını özü ilə gəzdirməzdi. Anlayacağınız nazlı qız idi. Elvira isə son beşik idi. Zuhadan bir yaş kiçik... Dəhşətli dərəcə dəcəl, sözə baxmaz, getdiyi yerdən savaşmamış qayıtmazdı. Həmişə də başı keçəl olurdu. Əlbəttə ki, babası Harunun sevimlisi idi. Babası ilə çayxanaya gedər, dərs oxumaz, balaca olmağına baxmayaraq bacılarını döyürdü.

Zuha səssiz, sakit qiz idi. Nənəsi ilə bazara gedir, dərs oxuyur,
anasına mətbəxdə kömek edirdi. Əslində, xoşbəxt uşaqlıq keçirirdilər. Nənə və babası onların hər istədiyini edir, ən yaxşı geyimləri alırdılar. Axşamlar da hərə bir işlə məşğul olur, böyüklər də televizora baxırdı.

Adi axşamlardan biri idi. Ruqəyyə xanım qapı zənginə narazı şəkildə ayağa qalxdı. Qapını açmağı ilə qışqırmağı bir oldu. Yox, yox sevinc qışqırığı idi. Hamısı qapıya qaçdılar və budur,
Elton əmi və yanlarında uzun yaraşıqlı "Yad adam"... Mələk və Harun kişi əsəbi halda ona baxırdılar. Mələk qızların əllərindən tutub mətbəxə apardı. Əlləri əsirdi. Ruqəyyə xanım qorxaq nəzərlə "qoy uşaqları aparım, onları görməyə gəlib" dedi. Mələk "lazım deyil, qoy gəldiyi kimi də getsin, mənim uşaqlarımdır, olmaz"- dedi və ağlamağa başladı. Uşaqlar nə baş verdiyini anlamırdı.

İllər sonra Zuhanın "uzaqlardan" qonağı gəlmişdi. Bu "Yad adam" onların atası idi. Albinayla Elvira heç yaxına getmədilər. "Yad adam" kobud şəkildə Zuhanı özünə çəkib öpdü. Uzun, incə əlləri vardı. Bəlkə də buna görə Zuha sonralar qarşısına çıxan adamın ilk əllərinə baxırdı. Əlləri gözəl olan adam 1-0 öndə idi...

"Yad adam" Zuhanın qolundan tutaraq "gəlmişəm ki, bunu özümlə aparım". Mələk qışqırdı: "indi yadına düşdülər? Mənimlə qalacaqlar".

Harun kişi ağır-ağır ayağa qalxdı və "dur, çıx get oğlunun yanına" dedi. "Yad adam" əsəblə "Cavid də sizin nəvənizdir". Harun kişi: "mənim üç nəvəm və bir gəlinim var. O da Mələkdir. Bir də ayağın buralara dəyməsin" dedi.

Uşaqlar çox qorxmuşdu. Bu adam Zuhanın xəyallarındakı kimi deyildi. Anasını ağlatmışdı, bu gün bütün arzuları dəyişmişdi, böyümüşdü Zuha... Anlamışdı ki, anasının sevmədiyi adamları ilahiləşdirmək olmaz. Analar səhv etməzlər. Bu hadisədən sonra Zuha o "Yad adamı" uzun illər görmədi...

*****

...Artıq, Albina orta məktəbi bitirirdi. Üç bacı bir-birinə hədsiz dərəcədə bənzəsə də, tamam fərqli xarakterdə idilər. Zuha hiss edirdi ki, bacısı, deyəsən, aşiq olmuşdu. Bir-birilərini çox sevsələr də, dərdlərini, sözlərini bölüşməzdilər. Hər üçünün fərqli rəfiqələri, fərqli dünyagörüşləri vardı. Zaman keçdikcə illər ərzində çox şey dəyişmişdi. Qızlar böyüdükcə çətinliklər də böyüyürdü. Harun kişinin qəflətən rəhmətə getməsi Ruqəyyə xanımı və Mələyi daha da çətinliyə salmışdı. Ancaq Ruqəyyə xanımın təqaüdü ilə keçinməyə çalışırdılar.

Mələk, qızlarının oxuduğu məktəbin kitabxanasında işləməyə başlamışdı. Nə qədər çətinliyə düşsə də, öz ailəsinə ağız açmırdı. Anası Zöhrə xanım əsəbi, zəhmli qadın idi. Hər dəfəsində qızının bədbəxt olmasında balaca qızları günahlandırırdı - "Zuhanı ver atasına, Elvira ilə Albinanı da, hərəsini bir qardaşına ver. Özün isə ərə get. O insandan olan uşaqlar sənə lazım deyil". Uşaqları da görməyə gözü yox idi. Digər nəvələrinin səs-küyünə əsəbiləşib, qızlara qışqırar və vurardı. Elə, qızlar da nənələrini sevməzdilər...

Bir dəfə Mələk qızlarının qarderobunu səliqəyə salanda Zuhanın geyimləri arasından pul tapdı. Çox pis olmuşdu. "Bu pul hardandı, bəlkə oğurluq edib? Off, mən dəli olaram, yox, yox eləməz. Bəs, onda hardandı bu pullar?" Axı, evdən də heç pul itməmişdi. Bəlkə əmiləri verib.Yox, elə olsaydı anasına deyərdi. İçi-içini yeyirdi. Ən yaxşısı soruşmaqdı. Qizlar zalda oturmuşdular. Özünü topladı və Zuhanı içəri çağırdı. "Zuha heç utanırsan? Nəyini əskik elədim sənin? Sən haçandan oğurluq eləməyə başlamısan, ay küçük?" Zuha özünü itirmişdi. Səsə Ruqəyyə xanım və qızlar da gəlmişdi. Zuhanın səssizliyi Mələyi özündən çıxarırdı. Bərk sinəsindən itələdi, hiddətlə "cavab ver də, ay yetimçə!"

"Mən oğurluq eləməmişəm" -deyirdi kiçik qız.
"Bəs, hardandı səndə o qədər pul?"

Ruqəyyə xanım əlini ağzına tutdu, nə baş verdiyini anlamırdı. "Ana, oğurluq edib. Haram olsun ona baxdığım, verdiyim əziyyət. Yaxşı deyiblər, sakitlərdən qorxacaqsan həmişə"
Zuha hıçqırırdı: "Mən oğurluq etməmişəm. Sənin mənə verdiyin bulku pullarıdır"

-Sən məktəbdə heç nə yemirsən? Mən sənə onu ac qalmayasan deyə verirem.
-Mən acmıram ki, ana, yığırdım ki, nənə ilə bazara gedəndə ona verəm, evə çox ərzaq alaq.

Mələk çox peşiman olmuşdu. Qızından necə şübhələnə bilərdi, axı?! Özünü qınamışdı. Daha, hər nə olursa olsun, qızına inanacaqdı.

Təəssüf ki, bu Mələyin ilk peşimanlığı olsa da, son olmadı.

Albina bu il məktəbi bitirəcəkdi. Onsuz da dərs oxumaqla arası yox idi. Mələk çox çalışırdı ki, qızı heç olmasa bir sənət yiyəsi olsun. Gənc qızlar yaxşı bilər, kənardan bəzi sözlər qulağa çatırdı. Albina çox gözəl idi. Uzun xurmayı saçları, dəniz mavisi gözləri, iri dodaqları vardı. Çox gəncin xəyalındakı qız idi. Təbii olaraq qızın arxasınca gəzənlər vardı. Albina bunları boynuna almırdı.

Ruqəyyə xanım evdə əsas söz sahibi idi. Bütün qərarları o verirdi.
Artıq, Albina haqqında öz arzularını həyata keçirirdi. Onu öz qardaşı oğluna verəcəyini dedi. Albina ağlamışdı o gün. Anasına etiraf etmişdi ki, o, qonşusu olan Rəsulu sevir. Rəsul ağıllı, sakit oğlan idi. Universiteti bitirmiş, əsgərliyini çəkmiş, bir ofisdə yazı-pozu işinə baxırdı. Mələk bunu Ruqəyyə xanıma dedikdə, qadın qəti şəkildə etiraz etdi, artıq gələn həftə qardaşıgilin gələcəyini söylədi. Mələk necə qarşı çıxa bilərdi ki?!

Kaş ki, o zaman qarşı çıxsaydı buna. İlkinin, gözəllər gözəli qızının başına gələcəklərdən xəbərsiz idi...

*****

...2011-ci il... Fevral ayı olsa da, havalar elə də soyuq keçmirdi. Zuha 9 gün idi ki, işə getmirdi. Yıxılıb, topuğunu zədələmişdi. Müdriyyət sağalanacan evdə qalmasına icazə versə də, artıq evdə qalmaqdan bezmişdi. Fevralın 21-i səhər qalxdi ki, işə getsin, Mələk narazı halda "hələ ayağını basa bilmirsən, bir az gözlə, necə gedəcəksən?" desə də, qızı fikrindən döndərə bilmədi. Onsuz da iş vaxtından keçmişdi, əynini geyindi, saçlarını və üzünü səliqəyə salıb, evden çıxdı. Çətinliklə yeriyirdi, ayağını güclə basırdı yerə. Dayanacağa doğru yeriməyə başladı. Küçədə sürətlə şütüyən maşınlardan başqa heç nə yox idi. Tini döndükdə tibbi müəssisənin qabağında bir oğlan telefonla danışırdı. Heç ağlına da gəlməzdi ki, bu oğlan onun həyatını dəyişəcək.

Yol kiçik çalalarla dolu idi, yeriməyinə mane olurdu. Onsuz da, güclə yeriyirdi, ayağının boşluqlara düşməsi ağrılarını artırırdı. Və budur, oğlanın yanına çatdıqda ayağı yenə çalaya düşdü, ağrıdan üzü turşudu, amma yenə də, yoluna davam elədi. Qarşıya keçmək üçün yol üstü keçiddən keçirdi. Hiss etdi ki, oğlan arxasınca gəlməyə başladı. Oğlan yaxınlaşıb:

-Xanım, sizə kömək edim mi? Deyəsən, ayağınız ağrıyır, çox pis oldum.
-Yox...
-İnanın pis niyyətim yoxdu, yazığım gəldi.
-Məni narahat edirsiniz, özüm gedirəm!
-Oldu, xanım, özünüz bilərsiniz.

Oğlan dayandı, geri qayıtdı. Zuha əsəbləşmişdi: "görünüşünə baxsan, elə bilərsən, adamdı. Utanmır, xəstə adama da ilişir. Yaxşi rədd oldu".

Və budur, heç də qızın düşündüyü kimi olmadı. Oğlan yenə yaxınlaşdı:

"Xanım, mən gedə bilmədim, icazə verin komək edim. Pis oluram belə..."
Zuha cavab vermədi, onsuz da, həm əsəb, həm də ayağının ağrısı onu birtəhər eləmişdi. Dayanacağa çatdı, avtobusu gözləməyə başladı. Avtobus isə gəlmək bilmirdi. Oglan qızdan aralandı, bir az irəlidə avtomobil dayanacağı vardı. Maşınların birinə mindi və düz qızın qarşısına sürdü. Sanki, 10 ildir tanıdığı biri kimi maşından endi, arxa qapını açdı. Zuhanı özündən çıxarırdı:
"Yox artıq, tərbiyəsizliyin bu qədəri də olmaz. Bu məni nə hesab edir?"

Oğlan getmək istəmirdi: "Xanım, siz məni niyə səhv anlayırsınız ki? Mən bir insan kimi sizə kömək eltmək istəyirəm".
Və budur avtobus gəldi. Zuha avtobusa doğru yeriməyə başladı. Oğlan: "Yaxşı, icazə ver yuxarı qalxmağına kömək edim" -dedi və qızın qolundan yapışdı. "Çəkil" -dedi, qolunu çəkdi. Avtobusa qalxdı, əli-ayağı əsirdi.

"Nə tərbiyəsiz adamlar var, Ay Allah, mən ki açıq geyinməmişəm, ya da pis nəsə eləmədim ki, o belə edir"...

İşin qarşısında endi avtobusdan. Və budur, maşın da burdadır, avtobusun arxasınca gəlibmiş. Zuha əsəbiləşsə də, tez keçdi əsəbi. "Onsuz da belələri çoxdur, üz verməyəndə özləri rədd olub gedirlər"...

Neçə gün işə gəlmədiyi üçün işlər tökülüb qalmışdı. O qədər məşğul idi ki, oğlanın aptekə girib, axşam neçədə bağlanacağını soruşduğunu da görməmişdi. Və axşam evə gedəndə oğlanı yenə gördü. Amma bu dəfə oğlan yaxınlaşmadı. Beləliklə, oğlan günlərlə gəlib getməyə başladı. Deyəsən, Zuhanın xoşuna gəlməyə başlayırdı. Bəlli etməsə də, artıq oğlanı gözü axtarırdı, hər gün onu görməyə öyrəşmişdi. Ayağı da tam sağalmışdı...

Aprelin 2-si yenə onu görəcəyinin sevinci ilə evden çıxdı. Bu dəfə oğlan yox idi .Ürəyində qəribə peşimanlıq hissi yarandı. "Yəqin, işi var, axşam görərəm" deyə düşündü. Beləliklə, tam bir həftə oğlanı görmədi .Çox qəribə hisslər keçirirdi. Sonra özünə haqq verirdi: "yaxşı ki, onunla tanış olmamışam, nə tez əl çəkdi, niyyəti bəlli imiş". Sonra fikirləşirdi ki, görəsən, başına iş gəlib? Adı nə idi, görəsən?

ARAS... Ağlına da gəlməzdi ki, əvvəl Allah, sonra Mələk, sonra da Aras adı həyatının müqəddəs adlarına çevriləcək...

Arasın dediklərindən: "Neçə vaxt idi ki, nazirlikdən tibbi müayinədən keçməyimiz üçün göstəriş verilmişdi. Artıq, hamı getmişdi, bircə məndən başqa. Fevralın 21-i artıq düşündüm ki, məsuliyyətsizlik etməyim gedim... Saat 08:00-da orda olmalı idim. Amma, gecikdim. Birdə gördüm ki, general da ordadır. İstəmədim məni görsün. Yoxsa deyəcəkdi ki, "sən nətəhər adamsan?" Çıxdım bayıra... Yolda gələrkən anamın zənginə cavab vermədiyim üçün ona zəng etdim. Birdən gördüm ki, uzaqdan bir qız güclə yeriyərək bu tərəfə gəlir. "Yazıq, cavan qızdır, Allah kömək olsun" düşündüm və danışmağıma davam etdim. Səki xaraba vəziyyətdə idi. Qız yanıma çatanda ayağı çalaya düşdü. Üzünü turşutdu. Yavaş-yavaş yeriyirdi. Nəsə, pis oldum. Düşündüm ki, ona kömək edim. Yaxınlaşdım, mənə sərt cavab verdi. Niyə belə etdiyini anlamadım, mən sadəcə kömək etmək istəyirdim. Rədd edincə isə, düşündüm ki, əşi, özü bilər. Geri qayıtdım, amma nə isə məni geriyə vadar edirdi. Biixtiyar yenə yaxınlaşdım və dediklərimə cavab vermirdi. Məni hansısa avaralarla səhv salırdı. Mən heç tanış olaq da demədim. Bu qızları anlamaq olmur, hər şeyi səhv anlayırlar. Getdim ki, maşını götürüm, hara gedəcəkdisə, mən aparım. Təbbi ki, bunu da rədd elədi. Hətta o qədər aqressiv idi ki, avtobusa qalxmağa da icazə vermədi...

Əslində, müayinə üçün qayıtmalı idim. Bu qız da nə isə vardı, məni çəkirdi, vadar edirdi ona yaxınlaşmağa. Deyəsən, gözləri də mavi idi. Nə isə, maşını avtobusun arxasınca sürdüm. İstəmədim ki, mənim gəldiyimi görsün. Uzun boyu vardı. Çox xoşuma gəlmişdi o. Bəs, ayağı niyə axsayır. Aha, budur, aptekin önündə düşdü... Düşündüm ki, yəqin nəsə alıb çıxacaq. Xeyli gözlədim, amma çıxmadı. Dedim, yəqin orda işləyir. Görəsən, arxasınca girim mi? Yox, deyəcək, nə sırtıq adamdır. Axşamacan gözləyə bilməzdim, həm də haçan çıxacağını da bilmirdim. İşlərim çox idi. Ən yaxşısı müştəri kimi gedim, aptekin haçan bağlanacağını soruşum. Bəxtimdən başı qarışıq idi . Məni görmədi. Axşam işdən çıxanda gəldim aptekin önünə, deyəsən, məni görmədi. Beləliklə, xeyli vaxt gedib gəlməyə başladım. Yaxınlaşmağa cəsarət edə bilmirdim. Köməyi rədd edən tanışlıq istəsəm, nə ederdi? Amma, deyəsən, mənim gəlib-getdiyimi görmürdü...."

*****

...Aras nənəsinin yasına getdiyi üçün Zuha bir həftə onu görə bilmədi. Bəlkə, bir az da görünməsəydi, qızın yadından çıxacaqdı. Qərara gəldi ki, ilk işi qızı görmək olacaq. Bakıya axşam 20:00-da çatdı, daha evə getmədi, aptekin qarşısına gəlib gözləməyə başladı. İçəri boylansa da, qızı görmədi. Gözləməyə davam etdi, bəxtindən çox çəkmədi bu, qız aptekdən çıxdı.Tez maşından enib qızın yanına gəldi.

Zuha başını qaldırıb Arası qarşısında görəndə özündən asılı olmadan gülümsədi. Bu Arası daha da cəsarətləndirdi.
-Salam
-Salam...
-Necəsiniz, tərs qız?
-Siz neçə gün idi yox idiniz...
-Hə, nənəmin hüzründə idim, yəqin ki, evə gedirsiniz. Mən, əslində, sizi evəcən aparmaq istəyəcəm, amma bilirəm ki, rədd edəcəksiniz.

Və beləcə, Aras Zuhanın həyatına daxil oldu. Bir-birilərini tanımağa başladılar. Aras çox diqqətli, mülayim xasiyyətli, anlayışlı oğlan idi. Tez-tez zəng edir, mesaj yazırdılar. Hələ görüşməsələr də, bir-birilərinə isinişmişdilər.

Və nəhayət, aprelin 26-sı ilk görüşləri olacaqdı. Zuhanın yuxusu qaçmışdı. Nə xoş idi, xoşbəxtlikdən yuxunun qaçması. Elə hey, yerində qurdalanırdı, sonra qalxırdı, Arasla yazışmaları əzbər bilsə də, təkrar-təkrar oxuyurdu. Yadındadır, uşaq vaxtı da, harasa gedəndə, ya səhər vacib günlər olanda Zuha həmin gecələri diri gözlə açırdı. Gecə saat 02:00-dır, budur, Aras zəng edir.
- Zuha, yata bilmirəm, bağışla... Belə gec zəng etdim. Səni də oyatdım. Amma, yuxum qaçıb.
Zuha ona oyaq olduğunu demədi, bir az danışdıqdan sonra sağollaşdılar, o gecə səhərəcən yuxu getmədi gözünə...

Axşamtərəfi görüşəcəkdilər. Aras 18:00-da işdən çıxıb, İçərişəhərə gəlməli idi. Zuha günorta 15:00-da işdən çıxıb evə gəldi. Həyəcandan nə etdiyini bilmirdi, əli ayağına dolaşmışdı, hər şey tərs gəlirdi. Bu gün çox gözəl görünməli idi. Əvvəl duşa girdi, sonra saçlarını səliqəyə salmağa başlamışdı.

"Həmişə o məni makiyajsız, uşaq kimi gorub, görəsən, qara paltarımı geyinim? Bir az qısadır axı, birdən xoşuna gəlməz. Əşi, eybi yoxdu, geyinim..."

Artıq, 18:30 idi, vay- vay, Aras gəlmiş olar. Bax, ilk görüşə gecikirdi. Ayağını geyinib, çantasını yoxlayıb evdən çıxdı. Hava çox sərin idi, nazik geyinmişdi, üşüyürdü. Budur, Aras zəng edir. "Qoy, cavab verməyim, ona nə deyəcəyəm? Ora çatanda özüm zəng edərəm". Bəxtindən yollar açıq idi. Aras bir neçə dəfə zəng vurub dayanmışdı. Nəhayət, danışdıqları yerə çatdı. Aras maşına söykənib dayanmışdı, çox əsəbi görünürdü. Üzü yola idi, Zuhanı görmürdü...

-Aras, gəldim mən.

Aras narazı şəkildə geriyə çevrildi. İlahi, necə yaraşıqlı görünürdü, forma insana bu qədərmi yaraşar?! Qarşısında Zuhanı görüncə gülümsədi.

-Bağışla, Aras, səni gözlətdim.
-Çox qəşəngsən sən...

İlk şam yeməkləri idi. Yemək boyunca Aras gözlərini çəkə bilmirdi. Nə gözəl hisslər idi. Görəsən, Zuha haçansa özünü bundan xoşbəxt hiss edəcəkdimi?
Ən gözəl günlərin başlanğıcı idi, ya da ən pis günlərə atılan ilk addımlar.

Arasın gözəl yumor hissi var idi, elə həvəslə danışırdı ki, iri gözləri güldükcə qıyılırdı. Yanağında qəmzəsı var idi, onu daha yaraşıqlı göstərirdi. Zuha onun sözünü kəsmədən qulaq asırdı.

Birdən Aras dayandı:
- Zuha, mənə bax, gözlərini aç, amma qırpma.
Qız təəccüblə ona baxırdı. Aras əlini uzatdı gözlərinə toxundu:
- Gözlərin çox qəşəngdir, elə bil, muncuq içinə qoymusan...

Beləcə aylar keçdi, hər səhər Arasın mesajları ilə günə başlayır, elə, onun səsini eşidərək də yatırdı. Vaxt aşırı görüşürdülər. Artıq, ailələr də münasibəti bilirdi. Nədənsə, Mələk ilk gündən narazı idi, hər dəfəsində qızına tələsdiyini, onun qarşısına daha yaxşı adamlar çıxacağını deyirdi. Bu, Zuhanı kədərləndirsə də, heç vaxt ondan ayrılmağı ağlına gətirmirdi: "ana, mən daha yaxşısını istəmirəm. Sən onu tanımırsan, Aras çox yaxşı insandır" deyərək anasını yola gətirirdi.

Və nəhayət, artıq evlilik qərarı alınmışdı.

Dekabrın 21-i Zuhanın qonaqları gələcəkdi. Hər ikisinin ürəyi partlayırdı. Danışmışdılar ki, elə, ilk elçilikdə "həri" veriləcəkdi. Mələk hələ tez olduğunu deyib, narazılıq etsə də, sonradan nəslin ağsaqqalarını, qardaşlarını, qayınlarını çağırmışdı. Ruqəyyə xanım da narazı olsa da, Zuhanın xətrinə susmuşdu. Onu da Albina kimi öz qohumuna vermək istəyirdi. Amma Zuha inadcıl çıxmışdı, elə özu kimi...

Və budur, qonaqlar gəldilər. Az qalırdı həyəcandan ürəyi getsin. Arasla tez-tez zəngləşirdi. Arasın dostları da ona dəstək olmaq üçün gəlmişdilər, aşağıda "həri" xəbərini gözləyirdilər.

Xoşbəxtliyin arxasında nə isə Zuhaya çatmayan anormallıq vardi. Axı, bu qədər xoşbəxt olunmaz. Qonaqlar danışmağa başladı, bir-biriləri ilə tanış olurdular. İlahi, bir sual bütün xoşbəxtlikləri məhv edə bilərmiş. "Bəs, qızın atası hansınızsınız?"

Aras cəmi bir dəfə Zuhadan atası haqqında soruşsa da, qız danışmaq istəməmişdi, o da daha bu haqda sual verməmişdi. Arasın atası, Zuhanın oğluna yalan dediyini dedikdə Elton əmi özündən çıxmışdı...

Lənət olsun o günə... Zuha səsləri eşidirdi, amma anlaya bilmirdi, ölü kimi idi. Qonaqların getdiyini belə hiss etməmişdi. Donuq gözlərlə nə baş verdiyini anlamağa çalışırdı. Hamı evdə bir-birinə dəymişdi. Qapının qarşısında cəsəd kimi durmuşdu. Anası onu çağırırdı, cavab verəcək taqəti qalmamışdı. Mələk qolundan tutub qonaq otağına gətirdi, uzun- uzun nələrsə danışırdı, eşitdiyi tək cümlə: "eşidirsən, Aras söhbəti bitdi, utanmaz, gör nə hala saldın bizi. Onsuz da istəmirdik onu".

Mələyin sözləri qırılıb tökülmüş şüşə qırıqları kimi idi, bu yoldan keçərsə, ayaqları qanayacaqdı, başqa yol da yox idi....

*****

...Gecə saat 02:00-dır. Hələ də gözünə yuxu getmirdi. Bütün bədəni keyimişdi, nə baş verdiyini dərk edə bilmirdi. Evdə hamı yatmışdı. Yataqdan çıxdı, əynində nazik paltar vardı. Eyvana çıxdı... Bu gecə Bakı necə də qəmlidir, uzaqda arabir şütüyən maşınların səsindən başqa səs yox idi.

Dekabr soyuğu təsir etmirdi. Külək saçlarını üzünə çırparaq onu ayıltmağa çalışırdı. Aras hələ də zəng eləməmişdi. Soyuq, bədəninə, üzünə vurduqca ayılırdı, artıq gecənin vahiməsini his etməyə başlayırdı. Külək şinlərə toxunduqca qorxunc səslər gəlirdi. Özünü məzarlıqda ən doğmasını itirmiş insan kimi hiss edirdi, hər kəs getmişdi, onu tək qoymuşdu.Yavaş-yavaş üşüyürdü.

Vecinə də deyildi. Uçurum kənarında durmuşdu sanki, bütün səsi ilə bağırmaq istəyirdi, əsəbini tökmək, bütün qabları sındırmaq gəlirdi içindən. Yerə çökdü, dizlərini qucaqladı, bütün bədəni soyuqdan əsirdi. Sanki saçları başına ağırlıq edirdi, dodaqları
göyərmişdi. Yavaş-yavaş gözlərindən yaş axmağa başlayırdı. Yaşlar, sanki, qəlbinin içindən gözlərinə, yanaqlarına, dodaqlarına axırdı. Birdən bütün gücü ilə bağırmağa başladı... Bədbəxt olmuş qadının, körpəsini görmədən itirən ananın səsindəki fəryadla. Səsi küləyin uğultusuna qarışaraq lənətli şəhərə yayılırdı...

Qızın səsinə, nəinki evdəkilər, bütün qonşular oyandı. Mələk ağlayırdı, qızını sakitləşdirməyə çalışırdı, illər əvvəl də qızını belə qucaqlamışdı, çarəsizliklə, günah hissi ilə... O vaxt Zuha yatmış, səhər heç nə olmamış kimi həyatına davam etmişdi. Bəs indi? Səhər oyandığında həmin xoşbəxt qız olacaqdı mı? Özü, özünə inanmırdı...

Ruqəyyə xanım soyuqqanlılıqla: "heç nə olmaz, 3-5 gün ağlayıb yaddan çıxaracaq" dedi və öz otağına keçdi. Mələk qızını qucaqlayıb fikirə getmişdi. Artıq Zuha yuxuya gedirdi, bədəni hələ də soyuqdan titrəyirdi, bir az sonra yuxuya getdi, elə dərdli görünürdü ki...

Dodaqları çatlamışdı, qızın başını sinəsinə sıxdı: "görəsən, düz mü elədik? Aras yaxşı oğlandı, amma ailəsi qızıma görə deyil. Zuha çox sakitdi. Onlar incidərlər qızımı. Min əziyyətlə yetim balaya baxıb, bədbəxt edə bilməzdim"... Qızının saçlarından öpdü, bir az sonra yuxuya getdi.

Səhər Zuha 11:00-da yuxudan oyandı, gözləri dodaqları şişmişdi. İştahası yox idi, heç nə yemədi. Mələk qayınanasına heç nə deməməyi üçün xahiş eləmişdi. Özü isə işdə idi... Zuha telefonu axtardı, nə qədər cavabsız zəng və mesaj vardı. Aras xeyli zəng etmişdi. Amma danışacaq halda deyildi. Telefonu yatağın üstünə tulladı. Bir az keçməmişdi ki, Aras yenə zəng etdi. Nə qədər küssələr də, həmişə bir-birinin zəngini açardılar.
Zuha telefonu açdı.

- Aras?
- Hardasan?
- Evdə...
- Sizin məhəllədəyəm düş aşağı. Dünənə görə cavab verəcəksən...

Telefonu qapatdı. Zuha: "Bu nə danışır? Nə oldusa onun ailəsi elədi"... Üstdən jaketini geyindi, "nənə, indi qayıdıram" deyib, heç cavabı gözləmədən evdən çıxdı.

Budur, Aras onu gözləyir, üzü-gözü tamam şişdir, dünən geydiyi paltarlar hələ də əynində idi. Zuhanı, Arası görən kimi ağlamaq tutdu. Aras "ağlama, balaca, hər şey düzələcək" dedi və onu qucaqladı.

Maşına əyləşdilər, heç biri danışmırdı. Zuha əlləri ilə oynayırdı, Aras fikirli halda bayıra baxırdı. Aras üzünü Zuhaya çevirdi:

- Zuha, bilirsən, ailəm necə əsəbiləşib? Əmin atama ağzına gələni deyib. Sizinkilər əvvəldən narazı imiş. Bəs, dedin gəlin, razıdırlar.Çox səhv elədiniz...
- Biz nə etdik ki? Atan əmimin xətrinə dəyib.
- Of, Zuha, of... Onsuz da sən heç vaxt özündə səhv görmürsən. Nə isə, mübahisə vaxtı deyil. Sən nə düşünürsən?
- Nə haqda, ayrılmağımı?
- Ay Allah, yox yox... Hər şeyi ayrılmağa bağlamaqla bu günə saldın axırımızı. Ayrılmaq yoxdu. Səni öldürərəm, amma ayrılmaram. Qoy, bir az keçsin, hamının əsəbi sakitləşsin, sənə söz verirəm hər şey düzələcək.
- Aras, mənə görə ailəni atarsan?
-Dəlisən? Bu nə gic sualdı? Yox, heç vaxt! Hər kəsin öz yeri var. Amma ayrılığı ağlına da gətirmə...

Beləliklə, gizlin görüşürdülər. Amma heç də Arasın dediyi kimi olmadı. Mələk tez-tez Arası pisləyir, ondan yaxşı canlarını qurtardığını deyirdi. Arasla görüşdüyünü, ancaq, Albina bilirdi...
Novruz bayramı ərəfəsi idi. Anasıgil şirniyyat hazırlayırdılar. Zuha evə gəldi, içəri girər-girməz Mələk unlu əlləri ilə bir şillə çəkdi. Zuha nə oldugunu anlamamiş, Mələk:
-Ay ləçər, o zibillə görüşürsən? Haram olsun sənə çəkdiyim əziyyət, yetimçə...
Zuha Albinanin üzünə baxdı. Daha kimə güvənəcəkdi. Albina başınıl aşağı saldı. Çox pis olmuşdu. Təsadüfən Elviranın yanında ağzından qaçırmışdı, o da həmin dəqiqə anasına danışmışdı. Albina nə qədər yalvarsa da, Elvira etmişdi edəcəyini... Neçə gün Zuha bacılarını danışdırmadı.

Artıq, evdə olanda Arasa zəng etməməyini tapşırmışdı. Beləcə, bir aydan çox vaxt keçdi. Aprelin 25-i tanımadığı nömrədən zəng gəldi. "Bu kimdir görəsən?"

- Alo?
- Alo, Zuhadır mı? Qalın səsli qadının əsəbi hiss olunurdu...
- Bəli, kim idi? Tanıma....-heç sözünü axıracan bitirə bilmədi.
-Qulaq as, qızım, Hicran xanımdır (Arasın anası). Mən səni həmişə yaxşı qız bilmişəm. Amma görürəm ki, səndə nə utanma var, nə arlanma...
- Mən nə etmişəm ki?
- Eh, kəs səsini, qulaq as. Əl çək də oğlumdan, ay balam. Ailən də istəmir, onsuz da. Nə yapışıb qalmısan, özünüz istəmədiniz də. Yaxşı ki, alınmadı. Arasın xətri üçün gəlmişdim. Bir də o qapıya ayaq basmarıq. Arasdan sənə ər olmaz, səndən də bizə gəlin. Get, bala, özünüzə bab adam tapın. İnşallah gələn ay Arasa nişan aparırıq. Allah səni də xoşbəxt eləsin...

Zuha əlində telefon quruyub qalmışdı. Bu nə demek idi? Amma bundan da çətinlərini görüb həyatında, buna da dözərdi.
Çox keçmədi Aras özü zəng elədi. Səsini eşidən kimi Zuhanı ağlamaq tutdu. Çətinliklə Arasa olanları danışdı. Aras çox əsəbi idi, anası onunla da danışmışdı.
- Zuha, sabah görüşək. Mən nə edəcəyimi yaxşi bilirəm. Ağlama, nə istəyirlər desinlər. Biz bir olandan sonra... Ayrılmağı ağlına da gətirmə...

*****

...Təəssüf ki, Zuha da bir çox insanlar kimi əvvəllər nə qədər xoşbəxt olduğunu bədbəxtliyə düşdüyü zaman anlamışdı. Gecəni çox narahat yatdı. Səhərə kimi anlaşılmaz yuxular görür, səksənir, yenidən yuxuya gedirdi.

Bu gün 14:00-a kimi işlədi. Aras da işdən tez gəlmişdi. Zuha çox narahat olmasına baxmayaraq Aras çox sakit görünürdü. Maşına əyləşdilər:

- Zuha, mən axşam çox düşündüm. Qərarımı vermişəm. İstəməzdim belə olsun.

Qızın bütün bədəni əsirdi, içəri isti idi, amma o titrəyirdi...

- Aras?
- Qulaq as, gəl, indi çıxaq gedək. Bibimlə də danışmışam, Sumqayıta gedərik, onlara. Axşam ikimiz də zəng edib, evdə deyərik. Bir az hirslənib axırda barışacaqlar.

- Dəli olmusan sən?
- Hə, dəli olmuşam. Söz-söhbətdən bezmişəm. Gecə anamla da danışdım .Sənə zəng elədiyinə görə... Nə deyirsən?
- Yox, yox mən qorxuram...
- Nədən?
- Mən qaça bilmərəm.
- Söz verirəm, yaxşı olacaq. Sən elə bilirsən, mən qacmaq istəyirəm? Sadəcə bezmişəm. Sən də olmasan baş götürüb bu xarabadan gedərəm.
- Bəs anam?
- Bir az hirslənib barışacaq. Qorxma, ilk qaçan biz deyilik... Aaa, sən evlilikdən qorxursan? Onsuz da bilirəm bacarıqsızın birisən. Məni hər gün işə ikixətli forma ilə, ac yola salacaqsan? deyən Aras ortamı yumşaltmağa çalışırdı.

- Aras, mən qaça bilmərəm?
- Niyə, niyə?
- Anamı elə qoyub gedə bilmərəm. Bağışla!
Aras əsəblə maşını işə saldı. Çox əsəbi idi. Heç vaxt onu belə görməmişdi. Onu qorxudurdu.
- Aras, dəli olmusan? Mən heç yerə getmirəm.
- .....
- Aras, saxla. Mən düşürəm.
- ....
- Səninlə deyiləm, ay başdan xarab?
- ....
- Xəstəsən sən, dayan deyirəm.

Aras maşını saxladı. Zuhaya baxdı.
- Məni sevirsən?
- O, nə sözdür, əlbəttə!
- Mənə görə ailəni atarsan?
- Bu nə gic sualdı. Yox əlbəttə. Mən anamı heç kimə dəyişmərəm.
- Ya indi mənimlə çıxıb gedərsən, susdu, eşidəcəyi cavab onu qorxudurdu.
- Ya da?
- Ya da düş get.
- Aras, dəli olmusan sən. Düş get nədi?
- İki yol arasında qalmaqdan bezmişəm. Başa düşürsən...?

Heç vaxt Arası bu qədər dərdli görməmişdi. Dodaqları əsirdi:
- Ya indi məni sevdiyini sübut edib gedərsən, ya da ki, düş get!
- Mən çox sevirəm səni. Amma bilirsən, anamı ata bilmərəm. Nə olar, belə şərt qoyma.
- Of, dedim də mən...
- Mən evə gedirəm, axşam sənə yazacam.
- Əgər indi mənimlə getməsən, and içirəm ki, qurtaracaq .Qərar sənindir.

Çox yaxşı tanıyırdı onu. Belə ciddi şeylə zarafat etməzdi. Dediyini edəcəkdi. İndi nə etsin? Qəlbi ilə beyni arasında qalmışdı. Heç vaxt özünü Arassız təsəvvür etmirdi, ən xırda xəyalı, arzusu, bütün planları Arasla qurulmuşdu. Bəs anası? Dul qalanda 23 yaşı vardı. Amma atmadı qızlarını. Ərə gedə bilərdi, hələ çox gənc idi. O vaxt anası onu bir kişiyə dəyişməmişdi. Bəs, indi o anasını bir kişi üçün necə dəyişsin? Arası tanıdığı kimi anasını da tanıyırdı. Heç vaxt bağışlamazdı. Yox, yox heç vaxt... Ən son görmək istəyəcəyi şey idi, onu ağlar qoymaq. "Aras mənsiz qala bilməz, bir az kecsin barışar"...

- Aras, mən gədə bilmərəm. Getməyəcəm!
- Düş maşından. Sən məni bir az da olsun sevməmisən. Qurtardı, Zuha. Bu gün bağlandı bu kitab. Mən səni yox, sən məni yari yolda qoydun. Çəkdiklərimin qat-qatını çəkəsən. Hər şeyin olsun, amma gözün sevgimdə qalsın həmişə.

Zuha eşitdiklərinə inana bilmirdi. Necə yəni? Ayrılıq? Quruyub qalmışdı.
Aras maşından endi, qapını açdı, Zuhanın qolundan yapışıb yerə dartdı.

- İnşallah bir də səni görmərəm...

Maşını işə saldı, sürətlə və uzaqlaşdı. Təkərlərin çıxardığı o səs uzun müddət qulaqlarından getmədi. Sonuncu dəfə ona baxa bilmədi, axı, necə icazə verdiki Aras getsin? Niyə danışmadı? Sözlər tikan kimi boğazına ilişib qalmışdı. İndi istədiyi tək bir şey vardı, anasını bərk-bərk qucaqlamaq...

Evə gəldi, açar özündə olsa da, qapını döydü. Mələk açdı. Qızının pis olduğunu görməmək mümkün deyildi.

- Nə olub sənə, ay qız, yenə meyidə dönmüsən?
- Ana... - sözünü tamamlaya bilmədi, qəhər boğurdu onu, ağlamağa başladı.

Ruqəyyə xanım səsə gəldi: "Vay, başıma xeyir, bu qız əməlli-başlı dəli olub.

Yatmaq istəyirdi. Yatsın bu kabus bitsin. Səhər oyananda düzələcək hər şey. Aras mənsiz qala bilməz. Hələ də ayrılığı dərk edə bilmirdi. Telefonu səssizə qoydu, səhət Arasın mesajı ilə oyanacağını ümid edirdi.
Səhər oyandığında Arasdan nə bir zəng, nə də mesaj vardı... "Küsüb axi. Mən özüm ona zəng edərəm". Böyük ümidlə Arasın nömrəsini yığdı. Bir-iki çağırışdan sonra Aras telefonu açdı.

- Aras, sabahın xeyir?
- ......
- Necəsən, əsəbin keçibmi?
- ....
- Aras, niyə danışmırsan?
- Məni birdə narahat eləmə...!

*****

...Hər şey belə bitməməli idi. İki düşmən kimi ayrılmamalı idik. Ara bir zəng edib "necesən?" deyə bilməli idik. "Bu gün çox darıxdım, çıxıb gəzək" deyəcək qədər dost olmalı idik. Məsələn, ad günlərimizdə, bayramlarımızda, bir-birimizi təbrik etməli idik. Düzdür, mən heç sevmirəm bayramları. Amma sənə bildirməzdim. Sırf, səninlə danışmaq üçün bayramını təbrik edərdim.

Bir-birimiz üçün yad kimi qalmamalı idik. Kimsə "bizi" soruşanda "bu haqda danışmaq istəmirəm" əvəzinə, "yaxşıdır, danışırıq arada" deyə bilməli idik. Bu qədər yad olmamalı idik...

Tam 8 ay Zuha Arası bir dəfə də olsun görmədi. Bir- iki dəfə maşını aptekin qarşısında gördü (əvvəl Aras boynuna almasa da, sonda etiraf etmişdi). İlk vaxtlar bir-birinə gizlin zəng edirdilər. Hətta, Zuha gizli zəng edib, səsini yazıb, sonralar qulaq asırdı darıxanda...

Ayrılığın ilk günləri çox çətin olur. Canından can çıxmış kimi. Ruhu getmiş yeriyən cəsəd kimi. Oğlanları bilmirəm, amma qızlar bütün heyflərini saçlarından alırlar. Heç həftə tamam olmamış Zuha yolunu gözəllik mərkəzindən saldı. Dəyişiklik həmişə yaxşıdır. Saçları Arasın çox xoşuna gəlirdi. Hər dəfə də saçlarını açıb tökməsini xahiş edirdi. Bir yerdən başlamaq lazımdır, unutmaq üçün... Zuha da öz saçlarından başladı unutmağa. Aynaya baxdığında "oy, necə çirkinəm?" - getdi saçlar...

İyulun ortaları idi. İşdə olarkən anası zəng elədi, evə gəlməsini dedi, qonaqları varmış. İcazə aldı, evə getdi. İçəri girəndə anlamışdı, anasının nənəsinin arzusu - Yusifin elçiləri. Nədənsə, heç əsəbiləşmədi və onu gülmək tutdu. Anası bərk əsəbləşdi:

- Ayıbdı, nəyə gülürsən?

Bəlkə də, bilərsiniz, insanlar ən yaxınlarını itirəndə vecsiz olurlar. Heç xoşlamırdı Yusifi, özündən razının biri idi. Amma bacısını yaxşı tanıyırdı, gözəl münasibətləri vardı. Artıq bəlli idi, qonaqların niyyəti. Bilirdi ki, anası necə tərsdi. Evlənmək istəmədiyini deyəndə Mələk onu yola gətirməyə başladı:

- Qızım, mən demirəm ki, bu gün evlən, sadəcə, tanı. Qohumumuzdu yaxşı oğlandır...

Elvira da bir tərəfdən sıxışdırırdı bacısını, "Sən indi rədd eləsən mənim də ailəmdə problem olacaq, sənə görə. Evlən də gül kimi oğlandır". Bircə Albina başa düşürdü onu "Çalış ki, öz sevdiyinlə evlənəsən, Zuha, Arasla alınmadı, o demek deyil ki, həyat bitdi. Sən yenə sevəcəksən. Ay anam, ay bacım, etmə dedi. Kiminsə yeri rahat olacaq deyə özünü bədbəxt eləmə".

Və budur, anası artıq qərar verib ki, sabah Yusiflə görüşsünlər. Razılaşdı. Bilirdi nə edəcəyini. Ən yaxın rəfiqələrini köməyə çağırdı, Gülgəzlə Laləyə sabah onunla gəlmələrini xahiş elədi. Təbii ki, Gülgəzdən təpki gəldi:

- Ay qız, dəlisən, bizim nə işimiz var?
- Of, Gülü gəl də. Lalə, sən də gəl.

Görüşdə Yusif təkcə Zuhanı gözləyərkən rəfiqələrini də qarşısında görəndə üzü dəyişmişdi:
- Maşallah, hara gedirsiz?
- Sənlə görüşə gəlmişik də, Yusif qaqaş, deyən Gülgəzi gülmək tutmuşdu.
- Zuha tək gələ bilmirdi?
- Yox, Yusif, anam dedi ki, tək getmə...
- Mən adam yeyən zadam?

Yusif çox sıxırdı ,incidirdi adamı. Darıxdırıcı aurası vardı. Münasibətdə hakimiyyəti əlinə almağa çalışsa da, Zuha heç bir dediyini eləmirdi. Bir müddət sonra Mələk, onlara zəng edib qızının istəmədiyini demişdi. Elvira bacısından incisə də, Albina çox şad idi.

Bir ay sonra Yusif, Zuhagilin qonşusuna elçi gəlib nişan elədilər.
Təbii ki, zaman keçdikcə ayrılıq yarası sağalırdı, amma o demək deyil ki, unutmuşdu Arası. Yox əlbəttə, sadəcə əvvəlki kimi canı yanmırdı. Bəzi gecələr çox darıxırdı, ağlayırdı, səhər isə heç nə olmamış kimi gülərək həyatına davam edirdi. Üsyan edə bilməzdi, axı, bəzi "ağzıgöyçəklər" pessimist deyərdilər...

Tam 8 ay Arasdan heç bir xəbər çıxmadı.

Dekabrın əvvəli idi, dumanlı nəmli hava vardı. İşə gecikirdi. Tez- tez dayanacağa sarı yeriyirdi. Çatdı və avtobusu gözləməyə başladı. Yeni tanış olanda Arasın ona kömək eləmək istədiyi dayanacaq... Ondan başqa bir-iki nəfər də vardı.
Sanki hiss edirdi nəyisə. Anidən geriyə çevrildi. Budur, forma geymiş bir oğlan gülərək ona yaxınlaşır. Nələr hiss etdiyini heç mən də bilmirəm. Daha əvvəl heç hiss etmədiyi sızıltı vardı içində. Qəlbinin lap dərinliyində. Elə inanılmaz sancı idi ki... Bilmirdi, gülsün ya ağlasın?!

Aras uzaqdan onu adı ilə çağırıb salam verən zaman, "Zuha" dedi... İnana bilirsiniz, adı ilə... Bu səsi nə qədər arzulayıb?! Yaxınlaşdı, əlini sıxdı. Boğazı düyünləndi, təəccüblə Arasın üzünə baxdı. Elə tanış idi ki, bu üz, bu baxış, bu qədər vaxtdan sonra. Necə izah edim?!

Aras, Zuha üçün "ən doğma yad" idi, o gün, "ən doğma yad..."

*****

...Xatirələrin qarşındakı insandan daha dəyərli olduğunu görəndə, anlayırsan ki, hər şey bitib...

"Aras qarşımda durub. Elə bu gün səhər ən böyük arzum idi, heç olmasa, bir dəfə görüm onu. Canım yanırdı, yox, yox, sevgi deyil idi hiss etdiklərim..

Mən işə gecikirdim, Arasla çox söhbət edə bilmədim. Elə həmin axşam mənə zəng elədi:
- Zuha, sənə çox əsəbləşmişdim, məni tərk elədiyin üçün. Bir müddət sonra nişanlandım.
- Sən nişanlısan?
- Qulaq as, yox. Həqiqətən, çox yaxşı qız idi. Məni də çox sevirdi, mənim üçün hər şey etməyə hazır idi. Mən də özümə söz verdim ki, səni tamam ağlımdan çıxaracam.
- Bəs çıxardın mı?
- Səncə? Sən xəstəlik kimisən, xəbərin var? O, qızı çox incitdim mən. Özümdən asılı olmayaraq hər şeyi səni xatırladırdı. Ona toxunanda, qucaqlayanda həmişə səni düşünürdüm. Amma qarşımda onu görəndə geri itələyirdim. Təkcə, o yox, bütün qadınlar səni xatırladır...
- Bəs qız necə oldu? İndi evlisiniz mi?
- Yox əşi, səndə... Hər dəfə belə edəndə inciyirdi məndən. Bir dəfə səbəbini soruşdu. Tanıyırsan da məni, hər şeyi dedim. Məni sevirdi, qəbul etdi. Amma sən etməzdin, ən pis günümdə atıb getdin. Nə isə, hə, sonra o, mənim üçün işgəncəyə çevrildi. Bir müddət sonra anladım ki, belə olmaz. Dedim ki, səni heç vaxt sevməyəcəm, amma evlənəcəm.

Düzü, özümə daha çox yazığım gəlirdi. Təsəvvür edirsən? Ömür boyu sevmədiyin qadınla yatağa girəcəksən, uşaq, ailə xətrinə yaşayacaqsan. Sonra özü mənə dedi ki, bezmişem. Məndə dedim bezmisənsə ayrılaq, mən həmişə belə olacağam, dəyişməyəcəm, səni hec vaxt sevməyəcəm. Evdə də dedim, söz-söhbətlər oldu. Sonra da atdım nişanı.O qıza qarşı vicdan borcum var.

- Çox pis oldum, yazıq qız, kaş ayrılmazdınız. Bəlkə, sevəcəkdin sonradan...
- Yox, daha sevmək mənlik deyil. Bundan sonra heç sənin özünü də sevə bilmərəm, - güldü...
- Başa düşürəm.
- Sən danış, görək, həyatında nə yenilik var?
- Məndə hər şey bildiyin kimi, çox yaxşıyam...

O gün sağollaşanda anladım ki, hər ikimizdə də sevgi bitib. Aras, mənə "səni cox istəyirəm" dedi. "Sevirəm" deyil də, "çox istəyirəm"...

Biz sonralar çox danışdıq, ad günlərində, bayramlarda. Aras hələ də mənim bayramları sevmədiyimi bilmir, hər bayram ilk o, məni təbrik edir. Aras mənim üçün ağrıdığım xatirə olmadı, mən ona başqa qadınla xoşbəxtlik arzulayacaq qədər cəsuram...

Bəlkə də, həyatım boyunca məni heç kim onun qədər sevməyəcək. Bəlkə də, heç kimin adi bir mesajı ilə bu qədər xoşbəxt olmayacam. Bəlkə də, onunla qurduğum xəyalları başqası ilə qura bilməyəcəm... Çünki daha yaxşıları olacaq həyatımda, mən bilirəm.

Mən insanları günahlandırmağı heç sevmirəm.
Bu hekayənin belə bitməsinə səbəb Arasın özü oldu. Mənim üçün vacib olan şeyləri o dərk etmirdi.

Arasın həyatında heç kim yoxdu, amma tez-tez danışırdıq əvvəllər, indi isə ancaq vacib günlərdə. Arası sevmirəm daha, heç vaxt da yenidən ona qayıtmayacam.

Düzdür, çox tez-tez xatırlayıram onu. Bir fərqimiz var, Aras heç vaxt sevməyəcəyini deyir. Mən isə çox sevəcəyimə əminəm. Hətta, elə çox ki, nəinki Arası, bütün keçmişi unutduracaq qədər çox sevəcəm...

Bu hekayə bir az da eşq acısı çəkənlər üçündür. Heç vaxt sizi tərk edən insanların ardından baxmayın, unutmayın ki, "at kimi gedən, it kimi qayıdar". Xoşbəxtliyinizi məhəbbətə bağlamayın. Qəlbinizi təmiz tutun, ən böyük xoşbəxtlik odur. Xırda detalları sevin, sizə nə qədər xırdaçı desələr belə, ancaq sizə dəyər verənləri sevin. Dünyanızı dördbucaqlı edib özünüzü küncə qoymayın, unutmayın, dünya dairəvidir, siz isə ən mərkəzdə. Dünyanızı öz ətrafınızda döndürün.

Bu da hekayəmin sonu, mənə görə bütün sonluqlar gözəl bitməlidi, əgər gözəl bitməyibsə, demək hələ son deyil...

SON...

Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->