Ana içeriğe atla

"Bədbəxtlik içində xoşbəxtlik..."


P.S: Real yaşanmışlıq əsasında qələmə alınıb!

2005-ci il... Dərslərin açılmağına bir həftə qalmışdı. Kəndimizə yaxın bir yerdə hazırlıq kursu fəaliyyətə başladı. Evdəkilərin də razılığı ilə bu kursa baş vurdum və qeydiyyatdan keçdim. Universitetə daxil olmaq ən böyük diləyim idi. Kimi yaxşı həyat yoldaşı, kimi pullu yaşam xəyal edər, mən isə tələbə olmağın xəyalını qurardım. Özümü bildim-biləli oxumaq həvəsində olmuşam, daima yüksəklərə daşıyıb o zirvəyə çatmağı hədəf etmişəm. İlk addımım bu kursdan başladı.

Kurs yeni açıldığı üçün kəndin seçilən şagirdlərini qəbul edirdilər. Artıq cədvəllər verilmişdi, sentyabrın 15-də dərsə başladıq. Çox həvəslə oxuyur, hazırlaşırdım. Hər şey öz axarında gedirdi. Sınaqlardan yüksək bal toplayırdım, bu məni həm sevindirir, həm də stimul verirdi. Bu yolda atam ən böyük dəstəkçim idi.
Artıq, yanvar ayı olmuşdu. Bir neçə ay idi ki, dərslərimdən başımı qaldıra bilmirdim. Bir gün telefonuma gizli nömrədən zəng gəldi. Moskvadakı qohumlarımız olar deyə düşünüb telefonu açdım. Səs gəlmədi. Bu zəng gün ərzində dəfələrlə təkrarlandı, telefonun o tərəfində kimsə sakit dayanırdı.

Tətildə idik, dərslərdən beş gün icazəli idim. Bu günlər ərzində də artıq zənglər davam edirdi. Nəhayət, bir dəfə telefonu açanda digər tərəfdən musiqi səsi gəldi. O zamanlar telefon funksiyaları indiki qədər gəlişməmişdi, nömrəni "blok" etmək olmurdu. Evdə deməyə də qorxurdum ki, məni kursdan çıxararlar. Məcbur qalıb çox vaxt telefonumu sönülü saxlayırdım. Açdığım anda zəng gəlirdi. Kim ola biləcəyi haqqında isə heç bir fikrim yox idi. Dərslər açıldı, tətil yekunlaşdı. İlk dərs günü mənimlə bir partada əyləşən kurs yoldaşım Zərifə: "dərs bitincə sənə bir şey deyəcəm"-dedi.

Dərsin bitməyini gözləyirdim. Zərifə mənə necə sakit bir qız olduğumu və ətrafıma heç diqqət etmədiyimi söylədi. Təəccüblənmişdim, nə baş verirdi? Ondan nə olduğunu və daha açıq danışmasını istədim. Zərifə sözünə davam edərək: "mənim sinif yoldaşım Murad adlı oğlan var, o, elə ilk gündən
sənə vurulub, səni sevir" - dedi. Utandığımdan yanaqlarım qızardı, özümdən asılı olmadan Zərifəyə: "sənə ayıb olsun, mənim hələ 15 yaşım var, nə sevmək, nə danışırsan sən? Bunu sənə deyəndə elə ağzının payını verərdin ki, biz hələ 10-cu sinifdə oxuyuruq, oxumalıyıq, universitetə qəbul olmalıyıq, sevmək vaxtımız deyil... Get, o başıboş sinif yoldaşına da denən ki, sınaq imtahanlarında balını yüksəltsin!" dedim.

Oğlanın adını deyəndə kim olduğunu təxmin etmişdim. O da yaxşı oxuyan şagird idi. Nədənsə, onun bu hisslərə sahib olması məni təəccübləndirdi. Mənə görə, oxuyan uşaqların ağlında ancaq kitab olmalı idi. Murad 2-ci qrupa, mən isə 3-cü qrupa hazırlaşırdım.

Bu hadisədən sonra gizlin də olsa, onun məni izləməyinə fikir verməyə başladım. Sən demə, kursda məndən başqa hamı bilirmiş. Bu zaman bir dəfə olmuş bir olay yadıma düşdü, indi fərqinə vardım. Bir dəfə direktor Muradı çağırıb tənbeh etmişdi. "Murad, sən bura oxumağa gəlirsən, yoxsa o qızın arxasınca sürünməyə? Fikrində belə şeylər olduğu üçün, sınaq imtahanında nəticələrin də zəifləyib" - dediyi beynimdə canlandı. Öz-özümə düşünmüşdüm ki, görəsən, hansı qızdır...

Beləcə, günlər keçirdi. Kursda bir şüşəli dəhliz vardı, içəri görünmürdü, amma içəridən çöl aydın seçilirdi. Murad həmişə məni izləyərdi o dəhlizdən. Gizli zənglərin kimliyi isə artıq məlum olmuşdu. Evə çatan kimi zəng edirdi. Çox vaxt açmırdım. Bəzən isə açanda, sadəcə, mahnı eşidilirdi. Bir dəfə telefonumu anam açmış və o gündən məndən şübhələnməyə başlamışdı...

*****

...Anam şübhələndiyi əsaslarla məni sorğu-suala utmuşdu. Ona hər şeyi olduğu kimi söylədim. Məni dinləyən və hadisəni anlayan anam, atamla danışmağı qərara aldı. Atama danışandan sonra Muradgilin ailəsi ilə tanış çıxdıq. Atam ailəsinə dəfələrlə ismarıc göndərdi. Üçüncü ismarıcdan sonra zəngin sayı gündə bir dəfəyə enmişdi. Gecə saat 12:00-da zəng edərdi. Zərifə ilə də əlaqəmi kəsmişdim. Çünki məndən ona məlumat aparırdı.

Muradın gizli şəkildə çəkdiyi şəklimi oğurlayıb mənə gətirmişdi. Ondan sonra lap şübhələndim ki, bəlkə də, mənim şəklimi sən ona verirsən, nə məlum?! Beləliklə, hər şey qaydasında gedirdi. Bəzən fikirlərimi qatsa da, imtahandan az bal toplayan kimi özüm-özümü danlayırdım ki, "Jalə, sən daha yaxşı oxumalısan". Və dərslərimdə açıqlarımı qapadırdım. Hətta telefonumu günlərlə sönülü saxlayırdım, kursa gedəndə götürür, evə çatan kimi söndürürdüm. Qarşıma məqsəd qoymuşdum ki, oxuyacağam və bu kənddən çıxıb yüksək pillələrə qalxacağam. Bir gün sınaq imtahanından ən yüksək nəticəni-622bal toplamışdım. Sevincimdən uçurdum.

10-cu sinif şagirdi üçün bu əla nəticə idi. Kursda bu sevinci yaşayarkən bir an arxaya çevriləndə Muradın mənə baxıb güldüyünü gördüm. Uzaqdan təbəssümlə "təbriklər" dediyini eşitdim. Bu an telefonuma mesaj gəldi, açdığımda: "sən buna layiqsən. Oxu, oxu, oxu... oxumaqdan başqa gözün heçnə görməz" sözlərini gördüm. Baxdım ki, bayaq dayandığı yerdə yox idi, getmişdi. Açıq nömrə ilə zəng etməyə cəsarət etməyən biri, indi hansı cəsarətlə mesaj yazmışdı deyə düşündüm. Evə gələndən sonra zəng etmək istədim, amma cəhd etsəm də, nömrəsi işləmədiyindən zəng getmədi.

Artıq yay tətili gəlmişdi. Önümdə böyük iki ay vardı. Tətilləri çox sevərdim. Tətil boyunca dəfələrlə zəng edirdi, telefonumu dəyişdiyimdən gizli zəngləri artıq "blok" eləyə bilmişdim. Murad gizli zəng etdikcə onda nömrəm məşğul kimi görünürdü. Bu, onu qıcıqlandırmış olmalı idi.

Zərifənin anası müəllimə idi. Ondan xahiş etmişdi ki, Zərifəni bizə göndərsin. Qız bizə gəlmiş, olanları danışmışdı. Onu Muradın göndərdiyini, zənglərin nə üçün məşğul göstərdiyini soruşmağını demişdi. Və əlavə etmişdi ki, zəngi düzəltsin, bir söz deyib sonra narahat etməyəcək. Mən isə Zərifəyə sonuncu xəbərdarlığımı edib, qapımızın həmişə ona açıq olduğunu, fəqət mənə belə xəbərlərlə gəlməməyini söylədim. Məndən inciyib getdi. Muradın zənglərini isə açmırdım. Nömrəmi də dəyişmirdim, həm ilk nömrəm idi, çox sevirdim, həm də kursda nömrəmiz olurdu, dəyişsəm də yenə tapacaqdı. Bunu sırf Murada görə dəyişməzdim.

Sonunda tətil bitdi, dərslər və kurs fəaliyyətimiz başladı. Mən kursa gedəndə barmağıma üzük taxmışdım, bu dəfə isə məni bir qız vasitəsilə narahat edirdi. Bu qız da 1-ci qrupa hazırlaşırdı və Muradla eyni küçədə yaşayırdı, yəni qonşu idi. Bu qız mənimlə yaxınlıq etməyə başladı. Mən artıq 11-ci sinifdə oxuyurdum. Bu qızın Muradın qonşusu olduğunu isə sonradan bildim. Bir gün mənə: "nişanlın qəşəng üzük alıb" deyəndə nişanlı olmadığımı dedim. O isə gülümsəyib: "nişanlısan zənn edirdim" dedi. Bir sözlə, Muradı nişanlanmışam deyə aldatdığımı düşünərkən, öz dilimlə də təkzib etmiş oldum. Bu qız mənimlə yaxın olmuşdu, doğum tariximi soruşur, haqqımda hər şeyi öyrənməyə çalışırdı. Mən isə səbəbinin fərqində belə deyildim...


*****

...Gizli zənglər olmurdu deyə rahat idim. Həmin ərəfələrdə nömrələrə "zəngimcell" xidməti vardı. Nömrəm üçün Rus müğənnisi Alla Puqaçovanın "Million alıx roz" mahnısını zəngimcell etmişdim. Həvəsə düşmüşdüm bir növ. İki gün sonra kursda tənəffüs vaxtı bu mahnını eşitdim. Baxdım ki, Murad öz telefonunda dinləyir. Axı, zəng də edə bilmirdi, hardan bilirdi ki, bu, mənim nömrəmdə olan mahnıdır?!

Muradın qonşusu Vüsalə haqqında ağlıma belə gətirmirdim. Vüsalə mənə gün ərzində zəng edirdi, ingilis dilindən bilmədiklərini soruşurdu. Mənim ingiliscəm yaxşı olduğundan öyrətməkdən
zövq alırdım. Muraddan bu mahnını eşidəndən sonra dərhal telefonumda mahnılı çağrı xidmətini ləğv edib dayandırdım.

Keçən il oğlanlar qrupunu ikinci mərtəbəyə keçirmişdilər. Zəng vurulan kimi Muradı birinci mərtəbədə dəhlizdə görürdüm. Sinifdən tez çıxırdı ki, məni görsün. Bu il isə sinif otaqlarımız yanaşı idi. Bəzən elə olurdu ki, ingilis dili dərsində iki sinif birləşirdik. Murad sakitcə oturub mənə tamaşa edərdi, müəllim fikrinin dərsdə olmaması səbəbilə dəfələrlə onu danlamışdı.
Murad ingilis dilindən yaxşı nəticə göstərirdi get-gedə. Ağlıma da gəlməzdi ki, sən demə, Vüsalə ilə birlikdə oturarar, mənə zəng edərlər, danışıqlarımı dinləyər, hətta səsimi öz telefonuna yazardı. Məndən sualları soruşanda Vüsaləyə geniş izahını verərdim, onlar da Muradla birlikdə məni dinləyərmişlər.

Qəribə səslənsə də, Murad öz istəklərini mənim üzərimdən həyata keçirirdi. Belə ki, geyimimə Vüsalə vasitəsilə qarışırmış. Vüsalə mənə, geydiyim paltarlarıma Muradın təhriki ilə o yaxşı yaraşır, bu pis görünür deyərək üzərimdə sözünü keçirdirdi, hər nə qədər mən bilməsəm də. O yaşda bir qızın yaşıdı tərəfindən geyiminin və ya saç düzümünün necə olmasına fikir yürütməsi diqqətə alınan olurdu.

Murad artıq sınaq imtahanlarında ballarını yüksəltmişdi. Bir gün Zərifə mənə orta məktəbdə hər kəsin yazdığı xatirə dəftərini verdi. Bərk-bərk tapşırdı ki, sualların hamısını səmimi və düzgün cavab yazım. Evə gəlib yazmağa başladım. Murad da bu dəftəri yazmışdı. Onun suallara verdiyi cavablarını oxudum. Muradın "sevdiyiniz varmı?" sualına "var, baş hərfi -J-dır" yazdığını gördüm. Bu suala mən də "hə" yazdım, adının isə "M" hərfi ilə başladığını qeyd etdim. Fikrimdə sevdiyim olaraq göstərdiyim adam isə məşhur futbolçu Lionel Messi idi. Messinin şəkillərini isə özümün şəklimi vurmalı olduğum yerə yapışdırdım. Zərifə tez dəftəri açıb, həmin sualı oxudu, kim olduğunu soruşdu, sadəcə gülümsədim. Messinin şəkilləri ilə yazdığım "M" hərfi arasındakı bağın fərqinə vara bilmədi.

Beləliklə, Muradın xatirə dəftəri arzusu da ürəyində qaldı...

*****

...Murad kursda mənim oturduğum bütün partaların üstünə "MJS" yazırdı. (Murad Jaləni sevir). Elə olurdu ki, dərslərdə müxtəlif otaqlarda olurduq, səhər gün adlarımızın baş hərflərini partaya
qazınmış şəkildə görürdüm.

Artıq il sonuna yaxınlaşırdıq. Qəbul imtahanları çatmışdı. Direktor müəllimlərlə danışıb əlavə dərslər təyin etdi. Qrup şəklində evi yaxın olan müəllimlərin evlərinə əlavə dərsə gedirdik. Muradın xalası kursda maliyyə işlərinə baxırdı. Həm də müəllimə idi. Öz evində dərs keçməyə dəvət etdi. Hər kəsə əlverişli olduğu üçün uşaqlar da razılaşdı. Mən çox həyəcanlandım. Bilirdim ki, Murad da gələcək. Uşaqlardan üç nəfər gecikmişdi deyə hələ dərsə başlamamışdıq. Digər otaqdan Muradın xalası qızları
mənə baxıb gülümsünürdülər. Çox utanmışdım. Bir az sonra Murad da gəldi, həyəcanlı görünürdü.
Az sonra hamı hazır oldu, müəllim də gəldi və dərsə başladıq. Sual cavab üçün qrup içində qrup yaratdıq. Müəllim uşaqları iki-iki ayıranda təsadüfən biz Muradla bir düşdük. Sualları birlikdə cavablamalı, bildiklərimizi bir-birimizə öyrətməli idik. Həyəcanım birə-beş artdı. Sual-cavabda Murad öncəliyi mənə tanıyırdı. Mən isə onun cavab verməsinə və nəsə izah etməsinə imkan vermirdim, bilmədiyim sualları isə dəftərimə qeyd edirdim, evdə baxacaqdım, onun izahına gərək yox idi. Dərs sonuna yaxın Muradın anası ora gəldi, başımı qaldırıb baxmadım. Oğlu üçün mənə baxmağa gəlmişdi. Bundan sonra ailəmə bir neçə dəfə xəbər göndərmişdilər.

Üç gün sonra xəbər çıxdı ki, 11-ci sinif şagirdləri ilə xatirə şəkli çəkiləcək və məzun albomu hazırlanacaq. Şəkil çəkilən zaman arxada qırmızı parçanı Muradgil tuturdu. Sıra mənə gələndə bu parça başıma düşdü, əsəbiləşdim və uca səslə: "adam bir az tutumlu olmağı bacarar" dedim. Murad isə: "bağışlayın" deyib parçanı geri çəkərkən saçımı da çəkmiş oldu. Buna görə də ona: "vəhşisiniz, saçımı qopardınız" dediyimdə, gülümsəyərək: "bir az eləyəm" dedi. Sonra şəkil alma zamanı mənim şəklimin itdiyini dedilər, yenidən də çəkdirmədim. Kollektiv şəkildə isə boy sırasına görə Murad yenə arxamda dayanmalı olmuşdu. Təsadüf də olsa, həmişə birgə olurduq.

Araz kurslarının sınaq imtahanı vardı. Müəllim bizə bilet almışdı ki, gedin özünüzü orda da yoxlayın. Orda da o qədər uşaq içərisində mən Muradın arxasındakı partaya düşmüşdüm. Bütün bunlar təsadüf mü, yoxsa qismət mi, bilmirəm...

Artıq qəbul imtahanı günləri bəlli olmuşdu. İmtahanımı müvəffəqiyyətlə verdim və yüksək balla arzu etdiyim universitetə daxil oldum. Murad isə imtahandan kəsilmişdi. Qəbul ola bilmədi. Kursa təbrik üçün çağırılanda o da gəlmişdi. Sadəcə kənardan dayanıb baxırdı.

İki aylıq tətilim vardı, universitet dərsləri açılana qədər. Muradı unutmalıydım, fikrimdən uzaqlaşdırmalı idim. Atam məni tətil müddətində bir aylıq Moskvaya xalamgilə göndərdi. Orda gəzdim, dincəldim.

Bir ay sonra Bakıya qayıtdım, qeydiyyatdan keçdim. Təzə nömrə almışdım, köhnə nömrəmi isə yenidən aktiv etdim, çoxlu mesajlar və cavabsız zənglər vardı...

*****

...Telefonuma baxdığımda mesajlar gəldiyini gördüm. Düzü, nəsə Murad üçün darıxırdım. Vüsaləyə zəng etdim. Amma ondan Muradı soruşa bilməzdim. Evimizə çox elçilər gəlirdi. İngilis dili müəlliməmiz özü bizə gəlmişdi. Mənə dedi ki, nümunəvi abituriyentim olmusan, indi isə gəlinim olmağını istəyirəm.
Çox açığım tutmuşdu. Gələnlər çox olsa da, nədənsə, artıq ürəyimdə Muradı istəyirdim deyə razı olmurdum. Evdə isə hələ universiteti oxuyacam, sonra işləyəcəm, daha sonra ailə quracam deyirdim. Amma beynimdə Muradı gizləmişdim. Bəzən düşünür, kursda onu çox acıladığıma görə peşiman olurdum. Heç olmasa qarşılıq verərdim deyə fikirləşirdim.

Vüsalə də artıq ondan söz açmırdı. Məni evlərinə çağırdı ki, gəl on gün mənə ingilis dili öyrət. On gün onlara gedib gəlməyim üçün maşın da göndərərəm dedi. Mən isə risk edib razı olmadım. Düşündüm ki, birdən Murad bu səssizliklə məni aldadıb qaçırar.

Bir gecə Muradı yuxuda gördüm. Toyumuz idi. İkimiz də sevinirdik. Amma nə onun, nə də mənim anamım üzü gülürdü. Sanki ikisi də bizim toyumuza narazı kimi idilər. Muradla əllərimizi bərk-bərk tutmuşuq ki, bizi ayıra bilməsinlər. Evdən gəlinliklə çıxıram, amma toy baş tutmur. Onun anası onu, mənimki isə məni çəkib aparır. Ağlaya-ağlaya ayrılırıq. Tez yuxudan tənginəfəs ayıldım. Yuxu olduğuna çox sevindim.

Beləcə, dərslər açıldı. Hər gün universitetə gedir, evdən çıxmağıma sevinirdim. Evdəkilərə isə mənə gələn elçilərə yox deyib yola salın demişdim və dörd il mənə toxunmayın söyləmişdim.

Bəzən Muradın məndə olan nömrəsinə gizli zəng edirdim, bir dəfə telefonu açdı, səsini eşidib bir az da olsa rahatlaşdım. Ona iki il niyə belə davranmağının əzabını çəkirdim. Bir tərəfdən də, düşünürdüm ki, onunla danışsaydım, bəlkə də, universitetə qəbul olmazdım.

Bir gün Vüsalə mənə zəng etdi, dedi, sənə bir şey deyəcəm, amma mənə sonadək qulaq as. Mənə kursda olanlardan ta bugünə qədər olan hər şeyi danışdı. Və dedi ki, Murad yanımdadır, istəyirsənsə danışa bilərsən. Mən isə yox, istəmirəm, iki aydır səssiz-səmirsizdir, indi gərək deyil deyib telefonu söndürdüm. Sonra Vüsaləyə zəng etdim ki, ona bu sözümü de, Murad da Vüsalə vasitəsilə göndərirdi sözünü. Axırda Vüsalə bezdi, ikimizin də nömrəmizi bir-birimizə verib, gedin özünüz danışın dedi.

Beləliklə, Muradla mesajlaşmağa başladıq. Mənə ilk mesajı: "salam, necəsən, əlçatmaz həsrətim" olmuşdu. Artıq hər gün, hər dəqiqə yazışırdıq. Hətta ilk günü səhər sübh 06:00-a qədər yazışmışdıq, kurs günlərindən, onun hərəkətlərindən... Səhər dərsə bir saat gecikmişdim.

Bir gün Murad zəng etdi ki, binanın qabağına düşüm, məni orda gözləyir. Düşdüm, amma tanıyan, görən olar deyə uzaq gəzdik, sadəcə telefonla danışırdıq. Danışa-danışa çox qorxurdum, kimsə anlayar deyə. Bir müddət sonra Muradın əsgərliyə çağırış vərəqi gəldi. O getməli idi. Və getdi... Mən sanki onun gedişi ilə tək qaldım, bu böyük dünyada. 40 gün onunla heç danışa bilmədik. Çox darıxırdım. Nəhayət, bir gün zəng etdi. Evdə tək idim. rahat xeyli danışdıq. Bir də mənə on gün sonra zəng edəcəyini dedi. Çox məyus olmuşdum, amma başqa çarəmiz yox idi.

Evdə elçilərə yox dediyim üçün anam məni çox sıxırdı. Sanki qohumlar yarışa durmuşdu. Biri gəlib, biri gedirdi. Murad da yox idi deyə lap çox sıxılırdım. Anam "bəs, kimə gedəcəksən, hamıya yox deyirsən" sözləri ilə çox basqı edirdi. Anam mənə elçi gələn oğlanın bibisi qızı ilə plan qurmuş, məni aldadaraq görüşə aparmışdı. Mənə də, oğlana yox desən gözümə görünmə dedi. Ürəyimdə düşünürdüm ki, sevdiyim var deyəcəm. Amma anama görə qorxdum, deyə bilmədim. Sadəcə hələ üç ilim var, mən oxuyacam kimi sadə bəhanələr göstərdim. Oğlan isə nə dedimsə razılaşdı. Nömrəmi də vermişdilər, axşamı mənə zəng edib dil tökdü.

Onun zəng etməyini bilən atam telefonumu əlimdən aldı. Canım qurtardı deyə sevinərkən, elçilərin gəldiyi xəbərini eşitdim. Anam atama mənim razı olduğumu dedi. Atam da məndə heç nə soruşmadan "hə" dedi. Artıq iki gün içərisində hərili qız olmuşdum. Ağlamaqdan ölürdüm. Muradın zəngini gözləyirdim ki, mənə güc versin, uzaqlaşım burdan. Sanki hiss etmiş kimi mənə elçiliyin səhəri zəng etdi. Ağlaya-ağalaya məni unut, istəmədən məcbur verdilər dedim. Murad isə zarafat olduğunu söylə deyib dəli olmuşdu. Sonda isə telefonda ağlayaraq vidalaşdıq. O, heç demədi ki, anamgili göndərim, əgər ailən səni ərə vermək istəyirsə. Bunu eşitsəm həmin an qaçıb atama yalvarardım ki, məni sevdiyimə ver. Son sözü XOŞBƏXT OL, ƏGƏR OLA BİLƏCƏKSƏNSƏ... oldu. Bununla da hər şey bitdi.

Mən nişanlandım. Sonra xəbər tutdum ki, əsgərlikdən qaçdığına görə onu həbs ediblər.

Mən evləndim, evliliyimin bir ilində yoldaşım ağır avtomobil qəzasında dünyasını dəyişdi. Övladım da olmadığından qaynatamgil məni atamgilə gətirdilər.

Bir müddət ailəmlə yaşadım, bu olanlar ərzində isə Murad hərbidə bütün işlərini tamamlayıb geri qayıtmışdı. Məni tapdı, yenidən məni istədiyini, evlənmək istəyini bildirdi. Ailəsini də razı salıb elçi göndərdi. Məni Murada verdilər. Çox sevincli idim. İllər sonra da olsa sevdiyimə qovuşurdum. Murad ağ gəlinliklə məni evimizdən çıxardı. Və çətinliklə də olsa sevgimiz qovuşdu. Artıq tamlığı ilə xoşbəxt idim, bizi daha da bir-birimizə bağlayan qızımız - Mələk dünyaya gəldi. İkinci övladımızın isə yolunu gözləyirik.

Sonda, əgər qismətinidəki insanla rastlaşmısınızsa, illər sonra
olsa belə qovuşacaqsınız. Çünki Tanrının yazdığı qədərdən qaçmaq olmaz...

Daha başqa həyatlarda görüşmək diləyilə....

Qələmə aldı: Aysel Abdullazadə 
(Müəllif hüquqları qorunur!)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar